Donald Gerye peşmandı: "Səhv etmişdim və ona qulaq asmışdım"

"Qarabağ”ın köhnə-yeni futbolçusu Donald Geryenin futbolinfo.az-a müsahibəsi

– "Qarabağ”a qayıdışını necə şərh edərsən?

– Bazaya getdim və özümü orada xüsusi hiss etdim. Bilirsiniz bu, necə hissdir? İnsan bir yerdə doğulur və ayrılıqdan sonra ora qayıdanda özünü hiss etdiyi kimi hissdir. Xoşbəxt və möhtəşəm. Özümü evimdəki kimi düşünürəm.

– Sabiq klubun sənə nə zaman təklif göndərdi? "Neftçi”də çıxış edərkən bu təklif var idi, yoxsa sonradan göndərdilər?

– "Neftçi”dən ayrıldıqdan sonra menecerimlə söhbət etdim. Bir neçə təklifin olduğunu dedi. Türkiyədən müxtəlif təkliflər var idi. Lakin bilirsiz ki, Türkiyədə vaxtında maaş almaq çətindir. Maliyyə baxımından orada problemlər ortaya çıxır. Ən yaxşısı "Qarabağ”a keçmək idi. Çünki Ağdam klubu yaxşı komandadır, tanıyıram və evim kimidir. Maddi problemlər yoxdur, maaşlar vaxtında verilir. Həyat yoldaşım da bunu istəyirdi. Bir neçə futbolçu ilə danışdım, onlar da qayıtmağımı istəyirdilər. Hətta fanatlardan da yazanlar var idi. Danışdıq və düşündüm ki, qayıtmaq ən yaxşı variantdır. "Qarabağ”la müqavilə imzaladım.

– "Qarabağ”a ilk dəfə gələndə çox yaxşı çıxış edirdin. "Neftçi”də eyni performansı ortaya qoya bilmədin. Ağdam klubuna qayıdışında əvvəlki Geryeni görmək mümkün olacaq?

– Düzdür, ilk gəlişimdə çox yaxşı oynamışdım. Bunun üçün ailəmə, həyat yoldaşıma təşəkkür edirəm. Həmçinin kluba və Qurban Qurbanova təşəkkür edirəm ki, uğurlu günlər keçirdim. Yenə də əlimdən gələnin ən yaxşısını etməyə çalışacam. Ümid edirəm ki, formamı yenidən bərpa edib meydanda əsl Donald Geryeni göstərəcəm.

– "Qarabağ” yenidən Çempionlar Liqasında oynayacaq…

– Mən müqavilə imzalamazdan əvvəl düşündüm ki, biz yenidən "Qarabağ”la Çempionlar Liqasının qrup mərhələsində oynaya bilərik. Bilirik ki, çətin olacaq və təsnifatlar bir oyundan ibarət olacaq. Qorxmasaq, çətinlik yaşamasaq, hər şeyi qazana bilərik. Çünki "Qarabağ” böyük komandadır. Pandemiyadan sonra komandanın pik formaya düşməsi vacibdir. Çalışacağıq ki, bunu edək və ÇL-də uğur qazanaq. Biz çox işləsək, çalışsaq, bunu bacaracağıq.

– Son mövsümü "Neftçi”də keçirdin və hazırda "Qarabağ”la bu komanda arasında prinsipallıq var. Bəzi azarkeşlər səni sevmir və qayıtmağını belə istəmirdilər. Özünü onlara yenidən sevdirə biləcəksən?

– Düşünürəm ki, bu, normaldır. Çünki "Neftçi”nin heyətində "Qarabağ”a qarşı çıxış edəndə azarkeşlər mənə etiraz edirdilər. Mən heç zaman onlara nəsə demədim. Çünki azarkeşdirlər və istədiklərini edirlər. Onlar məni fitə basanda belə gülürdüm ki, normaldır. "Qarabağ”da çıxış edirəmsə, hörmət edirlər, rəqibdə oynayıramsa, təzyiq göstərirlər. Bu, sıradan bir haldır. Mən komandaya da, futbolçularına da, azarkeşlərinə də hörmət edirdim. Çünki "Neftçi”də oynayan zaman "Qarabağ”ın futbolçuları ilə görüşürdük, danışırdıq, restoranda otururduq, gəzirdik. Biz hər zaman bir ailə kimi olmuşuq. Mahir Emreli, Abdulla Zubir, Filip Ozobiç və digərləri ilə danışırdıq. Biz qardaşıq, dostuq. Buna görə heç bir azarkeşə heç bir şey deməmişəm. Çünki mən "Qarabağ” ailəsinin bir hissəsi olmuşam. Əsl "Qarabağ” azarkeşləri məni sevəcəklər. Mən komandadan gedərkən də bəzi azarkeşlər məni sevirdi, bəziləri yox, indi də eyni vəziyyətdir. Buna qarşı edə biləcəyim heç bir şey yoxdur. Pis futbolçu olsaydım, Qurban Qurbanov məni geri qaytarmazdı. Komandaya xeyir vermək üçün burdayam.

– Qurban Qurbanovla görüşdünüz?

– Əlbəttə ki, danışmışıq. Sabah görüşəcəyik və hər şeylə bağlı danışacağıq. Amma ümumi olaraq hər şey qaydasındadır. Mən "Neftçi”də oynayanda da Qurban Qurbanovla görüşmüşdüm. Bu görüşün səbəbi o deyildi ki, "Qarabağ”a qayıtmaq istəyirəm. Sadəcə, o, yaxşı insan olduğu üçün görüşmüşdük. Qurban Qurbanov mənim üçün çox şey edib, uğurlarımda pay sahibidir. Onunla hər zaman münasibətimiz olub və hər zaman danışmışıq. Bu "Neftçi”də oynayanda da, ondan sonra da olub.

– "Qarabağ”dan gedərkən problemlə ayrılmışdınız. Bəs, necə oldu ki, geri dönə bildin?

– Mən keçmiş menecerimə qulaq asdığım üçün bu vəziyyət ortaya çıxmışdı. Razıyam ki, səhv etmişdim və ona qulaq asmışdım. Öz ailəmə, həyat yoldaşıma qulaq asmadım, lakin agenti dinlədim.

Sport7.az

Sport7.az

ƏVVƏLKİ XƏBƏR

Husilər Səudiyyəni vurmaqla hədələdi

SONRAKI XƏBƏR

Bakıda 15 yaşlı oğlan su hovuzunda boğulub