AFFA Premyer Liqa startı ilə bağlı Operativ Qərargaha müraciət edəcək

AFFA Premyer Liqa startı ilə bağlı Operativ Qərargaha müraciət edəcək

AFFA İcraiyyə Komitəsinin bu gün baş tutacaq videokonfransında müzakirəyə çıxarılacaq daha bir məsələ müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, iclasda Premyer Liqanın 2020/21 mövsümünün startı məsələsi də gündəmə gətiriləcək.

Bir müddət əvvəl avrokuboklara vəsiqə qazanan komandaların məşqlərə başlaması üçün Gənclər və İdman Nazirliyi vasitəsi ilə icazə alan AFFA bu dəfə digər 4 klubun da təlim-məşq toplanışı üçün Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciəti müzakirəyə çıxaracaq.

Yeni mövsümə avqustda start götürməyi planlaşdıran assosiasiya klubların hazırlığa başlaması üçün müraciət etməyə hazırlaşır. Məhz bugünkü videokonfransdan sonra bununla bağlı rəsmi müraciətin edilməsi gözlənilir.

Qeyd edək ki, avrokuboklarda iştirak edəcək klublardan "Qarabağ", "Neftçi" və "Sumqayıt" Qəbələdə, "Keşlə" isə Şamaxıda toplanış keçmək qərarına gəlib.

Mənbə: apa.az