Gənclər arasında keçirilən “Breyn-Rinq” intellektual oyununun qalibləri mükafatlandırılıblar

Gənclər arasında keçirilən “Breyn-Rinq” intellektual oyununun qalibləri mükafatlandırılıblar

 

 

Naxçıvan şəhərində yerləşən Sahil Parkındakı “Sahil” kafedə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Breyn-Rinq” intellektual oyunu keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə çıxış edən Gənclər Fondunun əməkdaşı Sübhan Rəhimli, Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov oyunun keçirilməsində məqsədin intellektual oyunların təbliğ olunması, hərəkatın kütləviləşməsinin təmin edilməsi və bu oyunlar üzrə ən güclülərin müəyyən edilməsi olduğunu bildiriblər.

Səkkiz komanda olmaqla, ümumilikdə, 48 gəncin iştirak etdiyi oyun 4 mərhələdə keçirilib. Əsasnaməyə uyğun olaraq yarımfinal mərhələlərindən etibarən iştirakçılara 5 sual, final mərhələsində isə 2 mərhələ olmaqla, 5 sual ünvanlanıb. Bir rinqdə daha çox xal toplayan komanda digər rinqdə qalib gələn komanda ilə görüşüb.

Oyunun yekun nəticəsinə əsasən, “Qasırğa” komandası qalib adını qazanıb.

Sonda qalib komanda təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.

Mənbə: azertag.az