MBA ictimaiyyəti mövsümün təhlükəsiz şəkildə bərpasına inanır

MBA ictimaiyyəti mövsümün təhlükəsiz şəkildə bərpasına inanır

Tennisçilər ABŞ-da keçirilməli olan turnirlərdə iştirak etməkdən ehtiyatlansa da, MBA oyunçuları iyulun 30-da bərpa ediləcək çempionatı səbirsizliklə gözləyirlər. Bu da səbəbsiz deyil. Axı Orlandoda təşkil ediləcək çempionatda basketbolçuların təhlükəsizliyinə tam təminat verilir.

XeberOxu.Az-ın məlumatına görə, mövsümün bərpa edilməsində böyük rolu olan “Leykers”in lideri Lebron Ceyms çempionatın yüksək səviyyədə təşkil olunacağına inandığını söyləyib: “Mən MBA-nın və onun rəhbəri Adam Silverin bizim təhlükəsizliyimiz üçün əlindən gələni etməsinə inanıram. Doğrudur, müəyyən problemlərin yaşanacağı istisna deyil. Amma bütün basketbolçular əl-ələ verərək sonda finiş xəttini uğurla keçəcək. Heç bir problem müqavimətimizi qıra bilməyəcək”.

“San Antonio” klubunun baş məşqçisi Qreqq Popoviç də çempionatın yüksək səviyyədə keçiriləcəyinə əmin olduğunu bildirib: “Mövsümü Orlandoda bərpa etmək çox düşünülmüş bir addımdır. Mən inanmıram ki, hansısa başqa bir şəhərdə çempionatı belə təhlükəsiz şəkildə keçirmək mümkün olardı. Mən mövsümün yüksək səviyyədə sona çatdırılacağına əminəm”

“Klippers”in baş məşqçisi Dok Rivers də mövsümün bərpa olunması ilə bağlı fikirlərini bölüşüb: “Hamımız təlimatlandırılmışıq. Biz Orlandoya missiya arxasınca gəlmişik.Heç nə bizim fikrimizi yayındıra bilməz. Burada hər şey mənim ürəyimcədir. MBA rəhbərliyi mövsümün bərpası üçün mükəmməl iş görüb”.

Qeyd edək ki, bəzi basketbolçular Orlandodakı şərait və yeməyin keyfiyyətindən narazı qalıb. Amma onların adı ictimaiyyətə açıqlanmır.

Mənbə: www.xeberoxu.az