“Azərreyl” sloveniyalı voleybolçusu ilə müqaviləyə xitam verib

“Azərreyl” sloveniyalı voleybolçusu ilə müqaviləyə xitam verib

 

Qadınlardan ibarət Bakının “Azərreyl” klubu ilə sloveniyalı voleybolçusu Moytsa Pene arasında müqaviləyə xitam verilib.

Apasport.az saytının məlumatına görə, bunu 31 yaşlı hücumçunun özü açıqlayıb.

O, sosial şəbəkədəki paylaşımında bu addımın təşəbbüskarının Azərbaycan təmsilçisinin olduğunu bildirib: “Koronavorus pandemiyası ilə bağlı Bakıdakı vəziyyətlə bağlı “Azərreyl” klubundan aldığım son bildirişdə qeyd olunur ki, ölkədəki məhdudiyyətlərlə bağlı müqaviləmə xitam verilməlidir və mən çox gözlədiyim növbəti mövsüm üçün öz komandama qayıda bilmərəm. Eh, koronavirus...”.

Voleybolçu qarşıdakı mövsümə səylə hazırlaşdığını da vurğulayıb: “İyun və iyulda fərdi məşqlər edirdim. Özümü yeni mövsümə yaxşı hazır sayırdım. İndi isə B planı işə düşür. Özümə yeni klub tapmalı və komandama mümkün qədər tez qoşulmalıyam. Yenidən transfer bazarına üz tutmalıyam. Kimsə bu mövqeyə oyunçu axtarırsa, mən formadayam və başlamağa hazıram. Mənə xəbər edin”.

Moytsa ölkəmizdəki mövsümdən məmnunluğunu açıqlayıb: “Bakıda möhtəşəm bir il oldu. Mən məmnuniyyətlə qayıdacaqdım. Amma görün nə oldu... Vəziyyətə biz nəzarət edə bilmərik. Mən ötən mövsüm, əla və unudulmaz mövsüm keçirmək imkanı üçün kluba, aylarla qayğımı çəkən personala təşəkkür etmək istəyirəm. Düşünürəm ki, biz əla il keçirdik və bir oyun da uduzmadıq. Mənim düşüncəmdə biz çempion olduq, amma koronavirus bizi saxladı. Hər şey üçün təşəkkürlər, Bakı!!! İndi məni yeni sınaqlar gözləyir”.

Qeyd edək ki, Pene yarımçıq başa çatdırılan ötən mövsümdə Bakı təmsilçisinin kapitanı olub.

Mənbə: apa.az