Levan Kobiaşvili avrokubokların təşkili barədə

Levan Kobiaşvili avrokubokların təşkili barədə

"UEFA-nın avrokuboklarla bağlı planları hələ dəqiqləşməyib. Çünki pandemiyadan sonrakı futbol böyük qeyri-müəyyənlik içərisindədir. Bu gün bəzi ölkələrdə vəziyyət daha da pisləşib". Bunu Gürcüstan Futbol Federasiyasının (GFF) prezidenti Levan Kobiaşvili "Lelo" nəşrinə müsahibəsində deyib. Funksioner bildirib ki, UEFA-nın sonuncu videokonfransında bəzi məsələlər müzakirə olunub: "Birincisi, ev sahibinin oyunu necə keçirməsidir. Bu, qarşılıqlı danışılacaq. Amma səyahətlə bağlı qeyri-müəyyənlik problem olaraq qalır. Çünki bir çox ölkələrin bir-biri ilə sərhədləri bağlıdır". Keçmiş futbolçu indiki durumda ev sahibi olmağa üstünlük verdiklərini söyləyib: "Həm səfər, həm də ev oyunları zamanı problemlər olacaq: komandaların ölkəyə girişi, oyunun təşkili, testləşdirmə, və s. Bütün bunları həll etmək asan olmayacaq". Kobiaşvili "Futbolçulardan birində virus çıxarsa, UEFA həmin komandanın oyun keçirməsinə icazə verəcəkmi?" sualına belə cavab verib: "Qurum bunu istəsə belə, müstəqil qərar verə bilməyəcək. Çünki hər ölkənin öz qanunları var. UEFA kifayət qədər böyük problemlə üz-üzədir. Avrokubokların püşkatması 9-10 avqustda olacaq, oyunlar isə 18-19 və 27 avqsutda keçiriləcək. Yəni, ev sahibinin təşkilati, viza və səyahət məsələlərinin həlli üçün cəmi 10 gün vaxtı qalıb. Bir sözlə, böyük problemlər həll ediləcək". GFF prezidentinin sözlərinə görə, digər ölkə təmsilçilərinin avrokubok oyunlarına ev sahibliyi etmək imkanları var: "Heç bir tərəf oyuna ev sahibliyi edə bilmirsə, UEFA bu məsələdə Gürcüstana da ümid bəsləyir. Qurum hesab edir ki, oyunu başqa ölkədə keçirmək olar. Bizdən ölkədəki vəziyyətlə bağlı məlumat verməyimizi xahiş ediblər. Bilirsiniz ki, Kipr də bu cür oyunlara ev sahibliyi etmək istəyir". Kobiaşvili deyib ki, bu məsələ ilə bağlı UEFA-dan onlarla əlaqə saxlayıblar: "Amma burada hər şey yalnız bizdən asılıdır. Çünki ortada risk var. Hər şey yığmaların və klubların kimliyindən asılıdır. Məsələn, Qazaxıstanda vəziyyət çətindir. Amma bu, UEFA-nın B planıdır. Hansısa ölkə oyuna ev sahibliyi edə bilmirsə, onda bu imkanı nəzərdən keçirəcəyik. Bu, ölkənin imicinə müsbət təsir göstərəcək". Qeyd edək ki, Azərbaycanın bir çox şəhərlərində koronavirus pandemiyası ilə bağlı vəziyyətə görə açıq havada məşqlərin keçirilməsinə qadağa qoyulub. Bu səbəbdən, ölkə çempionatının və avrokuboklarda ev oyunlarının Bakıda keçirilməsi sual altına düşüb.

Mənbə: polemik.az