13 il sonra ispanlarsız yarımfinal

13 il sonra ispanlarsız yarımfinal

"Real Madrid"in ötən tur, "Atletiko" və "Barselona"nın isə bu mərhələdə rəqiblərinə uduzması Çempionlar Liqasında 13 il sonra yarımfinalda bir ispan klubunun iştirak etməməsi ilə nəticələnib.

Offsideplus.az xəbər verir ki, cari mövsüm İspaniyadan 4 klub - "Real Madrid", "Barselona", "Atletiko" və "Valensiya" Çempionlar Liqasında iştirak edib. Klublar qrupdan çıxmağı bacarsalar da artıq dünənki oyunla birlikdə yarımfinalda İspan klubunun olmayacağı dəqiqləşib.

Əvvəlcə "Valensiya" klubu 1/16 mərhələsində "Atalanta"ya hər iki görüşdə məğlub olaraq yarışı tərk etdi - 1:4, 3:4.

Turnir tarixinin ən uğurlu komandası olan "Real Madrid" hər iki görüşdə "Mançester Siti"yə 1-2 hesabı ilə uduzaraq turniri tərk etdi.

"Atletiko" isə ötən turda turnirin son qalibi "Liverpul"u məğlub etməsinə baxmayaraq "Leyptsiq"ə boyun əydi.

Son qalan klub "Barselona"nın taleyi isə fərqli oldu. Katalonlar dünənki oyunda tarixinin ən biyabırçı nəticələrindən birini aldı. "Bavariya" klubu sərt pressinq və cinahlardan yaxşı istifadə edərək rəqibini 8-2 hesabı ilə məğlub etdilər.

Beləliklə, bir vaxtlar dünyaya futbol dərsi keçən ispanlar artıq əvvəlki gücünü itirmiş kimi görünürlər.

Belə bir tarix isə düz 13 il əvvəl təkrarlanmışdı.2006-2007 mövsümündə yarım finalda da İspan komandası yox idi. Həmin mövsüm "Çelsi", "Liverpul", "Mançester" və "Milan"dan ibarət yarımfinal turu baş tutmuşdu. Sonda isə 3 İngilis klubunun içində tək İtaliya klubu olan "Milan" finalda "Liverpul"u 2-1 məğlub edərək kuboku muzeyinə aparmışdı.

Mənbə: offsideplus.az