Qadınlardan ibarət İspaniya millisinin futbolçuları bid müddətdir davam edən boykota son qoyublar.
Publika.az xəbər verir ki, qərar İspaniya Kral Futbol Federasiya (RFEF) və İspaniya Ali İdman Şurası (CSD) ilə yeddi saatlıq danışıqlardan sonra qəbul edilib. Lakin bu addım bəzi komanda üzvləri tərəfindən birmənalı qarşılanmayıb. İki futbolçu iclası tərk edib.
Komandanın əksəriyyəti prosesin mümkün hüquqi nəticələrdən qorxduqları üçün fikirlərini dəyişib. "Relevo"ın məlumatına görə, CSD rəhbəri Viktor Frensis bəzi oyunçularla danışıq aparıb, onlara tətili davam etdirəcəkləri təqdirdə hüquqi tədbirlər görülməsi təhlükəsi barədə xəbərdarlıq edib.
Daha əvvəl futbolçular RFEF sistemində ciddi islahatlar aparılmayınca milliyə qayıtmayacaqlarını bildirmişdilər.
Görüşdən sonra Frensis bu barədə açıqlama verib:
“Oyunçular bizə RFEF-də dərin dəyişikliklərin zəruriliyi ilə bağlı narahatlıqlarını bildirdilər və biz bunun dərhal həyata keçirilməsini təmin etməyi öhdəmizə götürdük. Zəng edilən 23 qızdan ikisi narahatlıq və şəxsi diskomfort səbəbindən danışıqları tərk etməyi xahiş edib. Qızlar çətin anlar yaşayırlar".
Xatırladaq ki, İspaniya Kral Futbol Federasiyasının prezidenti olan Luis Rubiales DÇ-2023-də qalib gəldikdən sonra İspaniya millisinin futbolçusu Cennifer Hermosonu öpmüşdü. O, tənqidlərlə üzləşdikdən sonra istefa vermək məcburiyyətində qalıb. Ancaq komanda üzvləri bununla kifayətlənməyərək federasiyanın strukturunda ciddi dəyişikliklər edilməsini tələb ediblər. Onlar təbələrinin yerinə yetirməyəcəyi halda milli komandanı boykot edəcəklərini bildirmişdilər.
Heybət
Mənbə: publika.az