Ekspert hökumətə açıq suallar ünvanladı: “Ümid edirəm ki, hökumət təhsil xidmətini əlçatan edəcək”

Ekspert hökumətə açıq suallar ünvanladı: “Ümid edirəm ki, hökumət  təhsil xidmətini əlçatan edəcək”

"Əgər şagird "Müəllim, mənim meqabaytım bitdi, dərsdən çıxıram" deyirsə kimdir günahkar, hökumət yoxsa şagird? İmkansızlıq ucbatından internet üçün ödəniş edə bilməyənlər təhsil xidməti almaq üçün nə etməlidir? Şagirdlər və tələbələr üçün pulsuz internet təmin etmək olarmı? Ölkənin əsas virtual təhsil platforması olan, müəllimlərin və şagirdlərin cibində pul qoymayan “Microsoft Teams”-ə girişi hökumət pulsuz edə bilərmi?".

Cebhe.info xəbər verir ki, bu sualları hökumətə Azərbaycan İnternet Forumunun prezidenti, “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz ünvanlayıb.

O bildirib ki, hazırda kompüteri və smartfonu olan təhsil prosesi iştirakçılarının 1N-li problemi iternetdir:

"Məsələn, distant dərsin maraqlı bir yerində kompüter və smartfon arxasında oturub distant dərs keçən şagirdin və ya tələbənin internet trafiki bitir. Ya da istifadəçinin provayderlə bağladığı müqavilə üzrə ödəniş müddəti başa çatıb. Adi halda bu, elə də ciddi faciə hesab olunmaya bilər. Amma indiki halda bu, çox ciddi problem yaradır. İnternet bağlantısı olmayan şagird və tələbə sadəcə dərsdə iştirak edə bilmir və tədris prosesindən kənarda qalır. Əgər şagirdin və ya tələbənin valideyni imkansızdırsa, demək onların övladları təhsildən kənar qalacaq. Düşünürəm ki, təhsil xidmətinə əlçatanlığı təmin etməli olan hökumət üçün bu, anormal bir vəziyyətdir. Pulu-parası olmayıb təhsil xidməti almaq istəyənlər dərsdə necə iştirak etməlidir? Belə halda dərsdə iştirak etməyənlərə qaib yazılmalıdırmı? Təhsil alanın bilik bacarıqları necə qiymətləndirilməlidir? Ümumiyyətlə, belə vəziyyətdə təhsil alanın tədris prosesində iştirakını necə təmin etmək olar? Bu suallar əlbəttə ki, hökumətə ünvanlanıb".

Onun sözlərinə görə, vəziyyətdən çıxış yolları var və NK təcili bu istiqamətdə tədbirlər görməlidir:

1. Hökumət bir sıra təhsil saytlarına və ümumiyyətlə, dövlət internet resurslarına girişi pulsuz etməlidir.

Bütün universitetlərin və təhsil müəssisələrinin saytlarına, Virtual təhsil platforması – “Microsoft Teams”-ə, TN-nin bütün resurslarına , eGov portalına giriş pulsuz olmalıdır (yəni giriş üçün tələb olunan trafik ödənişsiz olmalıdır).

Burada əsas problem, düşünürəm ki, milli təhsil platformamız olmadığından (nə üçün olmaması başqa bir müzakirə mövzusudur), beynəlxalq resurs olan “Microsoft Teams” ilə bağlı ola bilər. Ölkəmizdə xeyli sayda təhsil alan və təhsil verən bunun üzərində "oturduğundan" trafik hədsiz yüksək ola bilər.

Fikrimcə, bizim magistral operatorlarda (Delta Telekom və AzerTelrcom) ölkə üzrə Teams trafiki ilə bağlı dəqiq məlumatlar var. Və dövlətin dəstəyi ilə onu qarşılamaq olardı. Əgər hökumət, TN milli təhsil platforması yaratmayacaqsa, onda trafikə bu qədər pul xərcləməkdənsə, elə mövcud müqavilə çərçivəsində “Microsofta” təklif etmək olar ki, Data Mərkəzini Azərbaycanda qursun.

Xatırladıram ki, “Microsoft Teams” platforması TN və adıçəkilən şirkət arasında bağlanmış müqavilə çərçivəsində ölkəmizdə pulsuz istifadə olunur.

Beləliklə, təhsil alanlar üçün pulsuz giriş təmin olunan bu tip internet resurslarla bağlı vahid bir siyahı da müəyyən etmək olar. Fikrimcə, TN və NRYTN birlikdə belə bir siyahını hazırlayıb hökumətə təqdim edə bilərlər.

2. Provayderlərə və telekommunikasiya operatorlarına göstəriş verilməlidir ki, internet trafiki bitən, müqavilə üzrə ödəniş müddəti başa çatan istifadəçilərin internet bağlatısı kəsilməsin və adı çəkilən siyahıdakı saytlara girişiə imkan yaradılsın.

Yəni bu tip resurslar üçün istifadə olunan internet trafikin xərci provayderlər hesabına olacaq. Düşünürəm ki, az domen zonasında yerləşən saytlar üçün bunu reallaşdırmaq elə də çətin bir iş deyil.

3. Provayderlərin və operatorların pulsuz trafiklə bağlı xərclərini qarşılamaq üçün hökumət onlara əlavə güzəştlər tətbiq edə bilər, büdcədən resurslar ayırmaq olar, pulsuz internet resurslarda reklamlar yerləşdirmək imkanı yaratmaq olar və s.

Ümid edirəm hökumət tezliklə təhsil alanlar və təhsil verənlər üçün ciddi bir problemə çevrilən internet məsələsini həll edəcək və təhsil xidmətini əlçatan edəcək.

Yeri gəlmişkən, dünyada baş verənləri nəzərə alsaq, həmçinin rəqəmsal transformasiyanı sürətləndirmək üçün bütün vətəndaşlarımıza həmişə əlçatan olan və pulsuz daxil ola biləcək internet resurslarla bağlı məsələni qanunvericilik səviyyəsində həll etmək doğru və faydalı olardı".

Naibə
Cebhe.info

Mənbə: cebhe.info