Düzgün ixtisas seçimi təminatlı gələcək deməkdir

Düzgün ixtisas seçimi təminatlı gələcək deməkdir

Qloballaşan dünya ilə ayaqlaşmaq bu gün dövlətlərin prioritet məsələlərindən biridir. Elm və texnologiya bu gün elə sürətlə inkişaf edir ki, hətta bəzən onları izləyib çatdırmaq belə mümkün olmur. Və bu yeniliklər qlobal dünyanın bir hissəsi olan ölkəmiz, hər birimiz qarşısında çox ciddi çağırışlar qoyur, dövrün tələblərinə uyğunlaşmağı tələb edir.
Tələb artıq diplom, ali savadlı olmaq yox, dövrün tələblərinə uyğun ixtisasa sahib olmaqdır. Bu gün dəbdə olan ixtisaslar qazanmaq hər kəsi düşündürür. Bir neçə il bundan əvvəl xarici media orqanlarından birində belə bir başlıq diqqətimi cəlb etmişdi və bu günə kimi də beynimdə həkk olub - “İxtisasını düzgün seç ki, gələcəyini qura biləsən”. Yazı məzunlar üçün tövsiyə olsa da, əslində hamı üçün aktual idi. Yeniliklərə biganə qalmamaq, onunla ayaqlaşmağı tövsiyə edirdi. Məzunları müasirləşən dünyada yeni ixtisaslara sahib olmaq, sovet dövründəki ənənəvi ixtisaslardan mümkün qədər uzaqlaşmağa çağırış var idi. Bu ixtisaslar artıq dördüncü sənaye inqilabının proqramlarında da əsas xətt kimi keçir. Bu gün artıq hər bir məzun, onun valideyni bilir ki, ixtisas seçiminin düzgün aparılması gələcəyin təminatıdır. Önəmlisi də odur ki, artıq əksər valideynlər anlamağa başlayıb ki, uşağın ixtisas seçiminə qarışmaq, onu istəyinə uyğun peşə qazanmasına yol verməmək olmaz. Diplom xatirinə oxuyub ali məktəbi bitirmək stereotipindən uzaqlaşmaq gərəkdir.
Beləliklə, Qərbin aparıcı analitik mərkəzlərinin bəzi hesabatlarına nəzər saldıqda maraqlı ixtisaslara rast gəldim. Və təəssüf doğuran hal odur ki, ölkəmizdə bu ixtisaslara maraq kifayət qədər deyil. Türkiyə və Qərbin ali məktəblərinə üz tutan məzunlar yenə də ənənəvi ixtisaslara üz tutur. Şəxsən mənim qənaətimcə, ixtisas seçimində də bir planlama olmalıdır. Sirr deyil ki, bu gün Türkiyənin ali məktəblərində minlərlə tələbəmiz ən müxtəlif ixtisaslar üzrə təhsil alır. İxtisas seçərkən böyük əksəriyyət tibbi seçir. Belə abxanda burada qeyri-adi nəsə yoxdur. Ancaq məsələ ondadır ki, tibbə yaxın xeyli sayda yeni, gələcəyin ixtisasları var. Onlara da üstünlük verilməlidir. Məsələn, götürək dünyada geniş vüsət alan biomedikal mühəndisliyi. İnsan bədənindəki orqanizmlər köhnəlir və pozulur və biomedikal mühəndislər də bunları bərpa etmək üçün elm və texnologiyanın yeniliklərindən istifadə edir. Eləcə də, biomedikal mühəndislər bədəndə xərçəng xəbərdarlığı verən kimyəvi siqnalları axtarır, tibbi cihazlar, protezler icad edir, inkişaf etdirir, yeni dərmanlar, peyvəndlər edir və əməliyyatlarda köməkçi olacaq robotlar icad edirlər. Bir faktı qeyd edək - ABŞ İşçi Statistikaları Bürosu 100-də 72 nisbətində peşə böyümə faizi ilə Biomedikal Mühəndisliyi ən sürətli böyüyən peşə olaraq göstərib. Kompüter oyunu dizaynı da əhəmiyyətli məsələ sırasındadır. Bu sektor artıq 100 mlrd. dolları əhatə edir. Məzunlar oyun istehsalı, inkişaf etdirməsi, dizaynı, sənəti, proqramlaşdırması, kompüter qrafikləri və insan-kompüter qarşılıqlı əlaqəsi sahələrində çalışır. Eyni zamanda oyun studiyalarında və memarlıqda, tibbdə, hüquqda və interaktiv simulyasiyası istifadə edildiyi digər sektorlarda da işləyə bilirlər. Eləcə də bura ekoloji işlər/davamlılıq ixtisasını da daxil etmək olar. Perspektivdə informasiya və virtual təhlükəsizlik də önə çıxır. İnformasiya təhlükəsizliyi tələbələri kompüter sistemlərini, şəbəkələri və fərdi kompüterləri viruslardan, kompüter piratlarından, terror hədələrindən və təşkilati casusluqlardan qorumaq üçün lazımlı olan texniki mövzuları öyrənər. Dövrün ən dəb olan və daha çox müzakirəsi aparılan sahələrindən biri də nanatexnologiyadır. Bu yeni elm sahəsi maddələrdə ortaya çıxan fiziki, kimyəvi və bioloji xüsusiyyətlərdən bəhs edir. Nano vəsaitlər hal-hazırda qolf dəyənəklərinin, xizək vəsaitlərinin, avtomobil parçalarının və dental implantların gücləndirilməsinə köməkçi kimi istifadə edilməkdədir. Dünyada nanotexnoloji layihələrə ildə 9 mlrd. dollardan artıq sərmayə qoyulur. Bu sektorun 2 milyon insanı məşğulluq təmin etməsi gözlənilir.
Beləliklə, günün və gələcəyin tələbi bizlərdən daha çevik olmağı, dünyaya inteqrasiya olunmağı tələb edir. Diplom dalınca qaçmaq yox, sənət, yaxın gələcəyin ixtisaslarına yiyələnmək gərəkdir. Günün tələbi budur. Ölkə Prezidenti İlham Əliyevin də bəyan etdiyi kimi, neft kapitalını insan kapitalına çevirmək, müasir dünyanın qarşıya qoyduğu çağırışlara cavab verən sahələrin inkişafı ən ümdə vəzifələrdən birinə çevrilməlidir.

Mənbə: www.xeberoxu.az