İsveçrə COVAX təşəbbüsünə qoşulub

İsveçrə COVAX təşəbbüsünə qoşulub

Bern, 26 sentyabr, AZƏRTAC

İsveçrə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirus əleyhinə peyvənd təşəbbüsündə (COVAX) iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, İsveçrə Federal Səhiyyə Agentliyi ölkənin müvafiq peyvənd hazır olduqdan sonra onun dünya üzrə ədalətli şəkildə paylanmasını maliyyələşdirməyə dair öhdəlik götürən dövlətlər sırasına qoşulduğunu elan edib. Bu ölkə ilkin olaraq təşəbbüsü 20 milyon İsveçrə frankı ilə dəstəkləyir.

İsveçrə hökuməti koronavirusa qarşı mümkün peyvəndin alınması üçün ümumilikdə 300 milyon frank vəsait ayırıb. İlkin olaraq ABŞ-ın “Moderna“ əczaçılıq konserni ilə müqavilə bağlayan İsveçrə tərəfi ölkə əhalisi üçün 4,5 milyon doza peyvənd istehsalı üçün zəmanət əldə edib.

COVAX təşəbbüsü isə, ilk növbədə, peyvənd maddəsinin ədalətli paylanması üçün yaradılmış təşəbbüsdür. Təşəbbüs müxtəlif əczaçılıq şirkətləri ilə əməkdaşlıq şəraitində 2021-ci ilin sonunadək 2 milyard doza peyvəndin istehsalını nəzərdə tutur. Hazırda təşəbbüs çərçivəsində doqquz peyvənd üzərində tədqiqatlar aparılır.

Mənbə: azertag.az