İnternet və informasiya yayımında məhdudiyyətlər erməni təcavüzünü dəf etmək tələbinə ən adekvat tədbirlərdən biri kimi...

İnternet və informasiya yayımında məhdudiyyətlər erməni təcavüzünü dəf etmək tələbinə ən adekvat tədbirlərdən biri kimi...

Yadigar Məmmədli: “Bütün bunlar düşmən təxribatlarının qarşısının alınmasına yönəlib”

Məlum olduğu kimi, Ermənistanın törətdiyi genişmiqyaslı təxribatın qarşısını almaq üçün ölkə üzrə internetin verilməsi məhdudlaşdırılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bununla bağlı yaydığı məlumatda qeyd edilib ki, Azərbaycan vətəndaşlarının münaqişə vəziyyətində internetlə bağlı yarana biləcək məhdudiyyətlər səbəbindən anlayış göstərəcəklərinə ümid edirik.

Bütövlükdə, cəbhədəki gərgin vəziyyətlə əlaqədar olaraq internetdə məhdudiyyətlərin qoyulması, xüsusən də sosial şəbəkələrə çıxışın məhdudlaşdırılması erməni təxribatlarının qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir. Məsələ ondadır ki, belə hallarda Ermənistan xüsusi xidmət orqanları sosial mediada dezinformasiyaların sayını artırırlar. Bəzən görürsən ki, döyüş əməliyyatlarının başlandığı elan edildikdən cəmi bir neçə dəqiqə sonra sosial şəbəkələrin erməni seqmentində heç bir əsası olmayan məlumatlar yayılır. Bu da onu göstərir ki, Ermənistan Müdafiə Nazirliyinə və xüsusi xidmət orqanlarına aid blogerlər qarşı tərəfi çaşdırmaq üçün əvvəlcədən hazırladıqları yalan məlumatları yayırlar. Bu dəfə də ermənilər buna cəhd edirlər. Hazırda düşmən itkilərini kompensasiya etmək, yerli əhali arasında yaranan təlaşı sakitləşdirmək, eləcə də Azərbaycan tərəfində psixoloji gərginlik yaratmaq məqsədilə dezinformasiyalardan aktiv istifadə etməyə çalışır. Bütün bu təxribatların qarşısının alınması baxımından internetə məhdudiyyətlərin qoyulması ən doğru addımdır. Nəzərə almaq lazımdır ki, bundan əvvəl ermənilər cəbhə bölgəsində baş verən genişmiqyaslı toqquşmalar barədə sosial şəbəkələrdə təxribat xarakterli dezinformasiyalar çox yayıblar. O üzdən, bütün bu təxribatların önlənməsi və qarşısının alınması baxımından Azərbaycan çox doğru addım atdı.

Maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirirlər?

“...sosial şəbəkələr tam bağlana bilər”

Məsələyə münasibət bildirən media eksperti Yadigar Məmmədlinin sözlərinə görə, belə bir qərarın verilməsi doğru addımdır: “Məsələ ondadır ki, 2016-cı ilin Aprel, 2020-ci ilin Tovuz döyüşləri zamanı erməni tərəfi sosial şəbəkələr üzərindən müəyyən təxribatlara əl atdı. Düzdür, 2016-ci ilə baxanda xalq bu məsələlərə daha açıq gözlə baxır. Buna baxmayaraq, biz daha ayıq-sayıq olmalıyıq. Nəzərə almaq lazımdır ki, döyüş təkcə səngərdə getmir. Döyüş həm də sosial şəbəkələrdə gedir. Ona görə də düşmənə fürsət vermək olmaz. Çünki bu dəfə ölkədə hərbi vəziyyət, qismən səfərbərlik elan edilib. Bu isə o deməkdir ki, hazırkı vəziyyət əvvəlkindən tam fərqlidir. Əvvəllər bu məsələlər bizim üzərimizə əsasən bir mənəvi məsuliyyət qoyurdusa, indi isə qanunla bizim üzərimizdə məsuliyyət var. Ona görə də məsələyə bu prizmadan yanaşmaq lazımdır. Birmənalı şəkildə qoyulan məhdudiyyətlərə əməl edilməlidir. Hamı sosial şəbəkələrə qoyulan məhdudiyyətləri, internetin əlçatanlığının aşağı düşməsini anlayışla qarşılamalıdır. Bütün bunlar düşmən təxribatlarının qarşısının alınmasına yönəlib. Lazım gələrsə, sosial şəbəkələr tam bağlana bilər. Çünki hərbi vəziyyətə görə bu addımlar atılır. Hər birimiz bütün bunlara birmənalı riayət etməliyik. Cəbhədə çox ciddi döyüşlər gedir. Belə olan halda, arxa cəbhədə də döyüşü tamamlayan hərəkətlər olmalıdır. Çünki informasiya məkanında da döyüşlər gedir”.

Ekspertin fikrincə, sosial şəbəkələrə qoyulan məhdudiyyətlər hərbi baxımdan bizim xeyrimizə olacaq.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com