5G yeni sənaye inqilabında hansı rolu oynayır? – MÜTƏXƏSSİS ŞƏRHİ

5G yeni sənaye inqilabında hansı rolu oynayır? – MÜTƏXƏSSİS ŞƏRHİ

"Hamımız dördüncü sənaye inqilabı dövründə yaşayırıq və bu qaçılmaz bir faktdır. Əgər birinci sənaye inqilabı buxar maşınının icadı, ikinci sənaye inqilabı elektrik enerjisinin istehsalı və sənayeləşmə, üçüncü sənaye inqilabı istehsalın avtomatlaşdırılması üçün elektronika, informasiya texnologiyalarından istifadəni nəzərdə tuturdusa, dördüncü sənaye inqilabı (Sənaye 4.0) rəqəmsallaşmanı, fiziki və rəqəmsal dünya arasında sərhədlərin aradan qalxmasını təmin edir. Dördüncü sənaye inqilabında bizi 5G, robotlaşdırma, rəqəmsallaşma, süni zəka və digər müasir texnologiyaların gündəlik həyatımıza böyük təsir edəcəyi gözlənilir. Gəlin, sadaladığımız terminlərin birini, ilk növbədə sadə dil ilə 5G-nin nə olduğunu anlamağa çalışaq. Bu gün üçün 5G texnologiyalı şəbəkələr hələ də nisbətən cavandı, çünki ilk şəbəkələr 2019-cu ildən istifadəyə verilib. 5G bu il 34-dən çox ölkədə, 350-dən çox şəhərdə tətbiq olunub. 5G ilk növbədə mobil rabitə standartıdır. Tətbiqi üzrə birinci yerdə Cənubi Koreya, ikinci yerdə Çin, digər yerlərdə isə ABŞ, Birləşmiş Krallıq, Səudiyyə Ərəbistanı, İspaniya, Almaniya və s. qərarlaşıb".

Milli.Az ted.az-a istinadən bildirir ki, bunu telekommunikasiya üzrə mütəxəssis Cəlil Xəlilov deyib.

5G-nin hansı üstünlüklər verdiyinə gəlincə isə Cəlil Xəlilov bildirib ki, bu əlaqə vasitəsi digər simsiz texnologiyalarla müqayisədə müştəri yönümlü iki əsas üstünlüyü və yeniliyi təqdim edir: "Birincisi, yüksək məlumat ötürülməsi sürətləri (bu günə 10 gbit/s qədər), ikincisi isə məlumat ötürülməsi zamanı minimal gecikmə (ing. - latency). Digər simsiz rabitə standartları, məsələn, 4G, 3G, 2G ilə müqayisədə daha yüksək məlumat ötürülməsi qabiliyyətinə, yəni yükləmə və endirmə sürətinə malikdir. Eyni zamanda, 5G standartı daha geniş əhatə dairəsi və daha sabit bağlantını təmin etməyə qadirdir. Bir mobil operator üçün 5G standartın tətbiqi o deməkdir ki, bunun üçün zəruri olan infrastruktur tamamilə yenidən, mövcud infrastruktur ilə yanaşı tikilməlidir. Burada çox mühüm məqam odur ki, əsas sabit xətt ötürücü infrastruktur da 5G üçün hazır olmalıdır. Məsələn, əgər bu gün hansısa mobil operator ənənəvi 2/3/4G xidmətləri göstərən zaman baza anten qurğularına sabit xətt və digər rabitə üsulları üzərindən məlumat axını təmin edirsə, təbii ki, onun müəyyən hesablanmış tutumu olur. 5G-yə gələndə isə bu ötürücü infrastrukturun tutumu dəfələrlə genişləndirilməlidir ki, artıq yeni standartın ötürmə həcmini təmin edə bilsin".

Mütəxəssis qeyd edib ki, standart ssenaridə 5G texnologiyasına keçid təkcə simsiz tərəfi əhatə etmir: "Eyni zamanda, demək olar ki, operatorun bütün ötürücü infrastrukturunun (sabit və simsiz) təkmilləşməsini tələb edir. Bu da öz növbəsində ölkə əhatə dairəsi miqyasında olduqca iri investisiyaları tələb edir".

"5G texnologiyasının müasir tətbiqində daha bir mühüm məqama toxunmaq vacibdir. Bu gün texnologiyanın standartları hələ də eyniləşir, vahid standart yoxdur. İki əsas standart qəbul olunub və ölkəyə görə dəyişir. Hətta müəyyən ölkələrdə hər iki standartın tətbiqi mövcuddur. Texniki dildən sadə dilə tərcümə etsək, birinci (mmWave) standart maksimal sürətlər təqdim edir, lakin olduqca qısa əhatə zonasında və yalnız antenin birbaşa görünüşü olduğu təqdirdə çalışır. İkinci (sub-6GHz) standart isə daha aşağı sürətlər təmin edir, lakin artıq ənənəvi geniş əhatə imkanı təqdim edir", - deyə ekspert vurğulayıb.

Cəlil Xəlilov bildirib ki, həyata keçirilən layihələrə baxsaq, 5G-nin əsasən telesəhiyyə, distant təhsil, kənd təsərrüfatı, əşyaların interneti kimi sahələrdə daha qabarıq istifadəsini görə bilərik: "5G-nin üstünlükləri bu sferalarda yeni imkanlar açır. Artıq həkimlər uzaqdan idarə olunan əməliyyatlar aparır, dronlar və smart cihazlar sayəsində fermerlər öz işlərinin effektivliyini qaldırır, müəllimlər və şagirdlər üçün yaradılan distant təhsil infrastrukturu səmərələşir və s.".

Bəs mobil telefonlar necə, onlar bu yeni standartları dəstəkləyirmi?

"Nəhəng mobil telefon istehsalçıları öz premium məhsullarında artıq bu funksiyanı dəstəkləyir. Gözləntilərə görə növbəti 5 ildə orta və aşağı seqmentlərdə təqdim olunan smartfonlar da 5G texnologiyasını dəstəkləyəcək", - deyə mütəxəssis əlavə edib.

Mənbə: news.milli.az