Peşəkar media işini bilir

Peşəkar media işini bilir

Problem sosial şəbəkələrlə bağlıdır

Hazırkı hərbi rejim vəziyyətində internet resurslara çıxış tamamilə bağlanmalıydı

İnsanlar arzularını bildirir, hadisələri qabaqlamağa çalışır, “qələbə xəbərlərini kim daha tez verəcək” deyə sanki bir yarışa çıxırlar. Belə hallarda insanlar bəzən bilmədən, sonunu düşünmədən paylaşımlar edir, bunun əsgərlərimizə, ordumuza, dövlət siyasətinə ziyan vura biləcəyini təxmin belə etmirlər

Cəbhədə uğurlu əks-hücum əməliyyatları aparıldığı bir vaxtda hər birimizdən ayıq-sayıqlıq tələb olunur. Bununla əlaqədar Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib. Müdafiə Nazirliyinin müraciətində bildirilir ki, son günlər bəzi sosial şəbəkə istifadəçiləri əməliyyatların aparıldığı istiqamət və cari vəziyyətlə bağlı müxtəlif şəxsi fikirlər paylaşaraq hadisələri qabaqlamağa çalışırlar. Bu cür addımlar həm məxfilik rejiminin pozulmasına, həm də hərbi qulluqçularımızın həyatının təhlükəyə atılmasına səbəb ola bilər.

 

“Bütün bunları nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrini rəsmi surətdə öz təsdiqini tapmamış məlumatları yaymamağa və yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırırıq”.

Daxili İşlər Nazirliyinin müraciətində isə qeyd edilir ki, respublikada elan olunmuş hərbi vəziyyət rejimi ilə əlaqədar vətəndaşlarımız hər an ayıq-sayıq olmalı, eyni zamanda komendant saatı qaydalarına ciddi riayət etməlidir: “Koronavirus infeksiyasının doğurduğu təhlükəni də bir an belə unutmamalı, sağlamlığımızın qayğısına qalmalıyıq. Qanunlara və qaydalara ciddi riayət etməklə, nümunəvi davranışla düşmənlə mübarizəyə çoxsaylı qüvvə cəlb etmiş dövlət orqanlarının fəaliyyətinə böyük dəstək vermiş olarıq. Gəlin hamımız düşmən üzərində qələbəyə xidmət edək”.

 

Xalqın sevinci, qələbə xəbərlərinə köklənməsi nə qədər təbii olsa da, ilk növbədə döyüşən ordunu nəzərə almaq mütləqdir. Hər birimizdən xüsusi məsuliyyət tələb olunduğu bir vaxtda informasiyaların yayılması, xəbərlərin tirajlanmasında nələrə diqqət edilməlidir?

Media eksperti Zeynal Məmmədli “Şərq”ə açıqlamasında söhbətin peşəkar mediadan deyil, sosial şəbəkədən getdiyini vurğuladı:

- Peşəkar media işini bilir və mövcud qaydalar çərçivəsində fəaliyyət göstərir. Problem sosial şəbəkədəki paylaşımlarla bağlıdır. İnsanlar arzularını bildirir, hadisələri qabaqlamağa çalışır, “qələbə xəbərlərini kim daha tez verəcək” deyə sanki bir yarışa çıxırlar. Belə hallarda insanlar bəzən bilmədən, sonunu düşünmədən paylaşımlar edir, bunun əsgərlərimizə, ordumuza, dövlət siyasətinə ziyan vura biləcəyini təxmin belə etmirlər.

Nəticədə istəməyərək dövlət və milli maraqlara ziyan vururlar. Hesab edirəm ki, hazırkı hərbi rejim vəziyyətində internet resurslara çıxış ya tamamilə bağlanmalıydı, ya da müasir texnoloji vasitələrin əlçatanlığı nəzərə alınmaqla işlər daha dəqiq qurulmalıydı. Peyk antenaları var, müxtəlif proqramlar var ki, əhali onlardan istifadə etməklə sosial şəbəkəyə giriş əldə edir.

Bu halda tətbiq edilən qadağalar artıq öz təsirini itirmiş olur. Bunun ziyanı daha çox hiss edilir, nəinki internet resurslara girişin qadağan edilməsinin. Fikrimcə, hər xidmət sahəsi öz işini peşəkarcasına yerinə yetirməlidir. Xüsusi xidmət orqanları bununla məşğul olmalı, çox ciddi işləməlidirlər. Savaş şəraitində əlbir iş aparılmalıdır.

Biz təkcə açıq döyüş meydanında savaşmırıq, həm də koronavuris cəbhəsində döyüşürük. Amma müasir texnologiyalarla mübarizədə peşəkarlıq çatışmır. Kimsə malik olduğu internet imkanlarından istifadə edib işğaldan azad edilən kəndin videolarını paylaşır. O videolarda göstərilməsi məqbul olmayan yerlər, əsgərlərimiz görünür. Bu, düşmənə əlavə informasiya verməkdir. Gərək bunu tərəziyə qoyub düşünsünlər, kimə xeyri var, kimə ziyanı.

Z.Məmmədli qeyd etdi ki, internet resurslardan istifadəni məhdudlaşdırmaq yox, mövcud üsullar nəzərə alınmaqla onunla mübarizə aparılması daha doğru və effektiv vasitə olar:

- Mövcud üsullarla mübarizə aparılmalıdır. Və açıq təbliğat aparılmalıdır ki, nəyi paylaşmaq olar, nəyi olmaz. Nə ziyandır, nə xeyir. Vətənpərvərlik yüksək, ali hisslərdir, qələbə sevinci də xalqımızın haqqıdır.

Lakin hər şeyin bəlli bir sərhəddi olduğu kimi, vətənpərvərliyin də, sevincin də bəlli sərhəddi var. Və olmalıdır. Sosial şəbəkədəki paylaşımlarına hamı diqqət etməlidir.

Mənbə: sherg.az