Veneranın atmosferində fosfinin mövcudluğuna dair tədqiqatlar davam edir

Veneranın atmosferində fosfinin mövcudluğuna dair tədqiqatlar davam edir

Niderlandlı astronomlar Veneranın atmosferində fosfinin – bioloji mənşəli olduğu güman edilən qazın mövcudluğu barədə mülahizələrə şübhə ilə yanaşıblar. Ona görə də alimlər ALMA mikrodalğalı teleskopun məlumatlarını təkrar araşdırıblar. Tədqiqatın nəticələri “Astronomy & Astrophysics” jurnalında dərc edilib.

XeberOxu.Az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, sentyabr ayının sonunda Ceyn Qrivsin rəhbərliyi ilə planetoloqlar “Nature” jurnalında ALMA və JCMT mikrodalğalı teleskopların məlumatlarının analizinə dair məqalə dərc ediblər. Həmin məqaləyə görə, Veneranın atmosferinin yuxarı qatlarında - nisbətən isti buludların yerləşdiyi təqribən 50-60 kilometr yüksəklikdə fosfin qazı ola bilər. Həmin buludlarda su kifayət qədər çoxdur və kimyəvi aqressiv birləşmələr nisbətən azdır.

Yerdə bu qazı yaşayış üçün oksigenə ehtiyacı olmayan bəzi anaerob orqanizmlər istehsal edir. Alimlər güman edirlər ki, bu cür orqanizmlər Venerada da ola bilər, çünki bu planetin səthində oksigen izi tapılmayıb.

Astronomlar Leyden Universitetinin (Niderland) professoru İqnas Snellanın rəhbərliyi ilə həmkarlarının gəldiyi nəticəni yenidən yoxlamağı qərara alıblar. Alimlər nəticələrin statistik etibarlılığını dəyərləndirməyə, həmçinin müstəqil şəkildə Veneranın atmosferində fosfinin mövcud olub-olmamasını məlumatların digər analizi metoduna əsasən müəyyənləşdirməyə çalışıblar.

Analiz göstərib ki, fosfinin “kəşfi” yalan siqnal ola bilərdi. Məsələ Qrivs və onun həmkarlarının məlumatı səs-küydən təmizləmək üçün istifadə etdikləri metoddadır. Həmin səbəbdən spektral analizin nəticələrində “Nature” jurnalındakı məqalə müəlliflərinin Veneranın səthindən 60 kilometr yüksəklikdə aşkar etdikləri siqnallara bənzəyən çoxsaylı yalan siqnallar meydana gələ bilər.

Niderlandlı tədqiqatçıları ümumilikdə beş yalan siqnal müəyyənləşdiriblər. Həmin siqnallar Venerada fosfinin, habelə digər bir neçə qazın olduğunu göstərirdi ki, əslində həmin qazlar orada olmalı deyil.

Siqnalın alternativ metodla təmizlənməsindən sonra alimlər fosfinlə bağlı cəmi bir siqnal tapıblar. Həmin siqnal isə Veneranın atmosferində sözügedən qazın olmasına dair real iz hesab edilməsi üçün çox zəifdir. Lakin astronomların əks fikir söyləmək üçün əsasları yoxdur.

Mənbə: www.xeberoxu.az