Ölümə aparan müjdələmək həvəsi - İnternet buna görə məhdudlaşdırılıb

Cəbhədə döyüşlər başlayan gündən Azərbaycanda internetlə bağlı müəyyən qadağalar qoyulub, sosial şəbəkələrə giriş məhdudlaşdırılıb. Artıq bir aya yaxındır ki, ölkəmizdə mobil operatorlar və digər internet şəbəkələri vasitəsi ilə Facebook, Tvitter, Youtube, Teleqram və Instagrama girmək mümkün deyil.

Qadağalara baxmayaraq Azərbaycandakı internet istifadəçilərinin 80 faizi hazırda VPN proqramları ilə sosial şəbəkələrdən istifadə edirlər. Onlar bu tipli proqramlarla əvvəlki qaydada sosial şəbəkələrdən istifadə edərək yeni məlumatlar almağa can atırlar.

VPN proqramlarının təhlükəli olması, kart hesabların və şəxsi məlumatların daim risk altında olması barədə dəfələrlə məlumat verilsə də, demək olar, hər kəs telefonuna yükləyib. Hətta Appstore və Playmarketə giriş məhdudiyyətlərinə baxmayaraq çoxları proqramçıların köməkliyi ilə telefonlarına VPN quraşdırıblar.

Hazırkı dövrdə hər kəsin diqqətinin cəbhəyə yönəlməsini, daim informasiya axtarması, bir-birindən xəbər tutmaq istəyinin yaranması çox təbiidir. Lakin sosial şəbəkə istifadəçilərinin bir qismi bilmədən bu proqramlar vasitəsi ilə hərbi sirrin yayılmasında iştirak edirlər. Xüsusən də, qadağan olunmuş smartfonlarla çəkiliş edən hərbçilər həm öz, həm də başqalarının həyatlarını təhlükəyə atırlar. Hətta bununla bağlı Müdafiə Nazirliyinin sosial şəbəkə istifadəçilərinə müraciəti də var:

"Bu cür addımlar həm məxfilik rejiminin pozulmasına, həm də hərbi qulluqçularımızın həyatının təhlükəyə atılmasına səbəb ola bilər. Bütün bunları nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrini rəsmi surətdə öz təsdiqini tapmamış məlumatları yaymamağa və yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırırıq", - müraciətdə deyilir.

Çoxları üçün xəbərin mənbəyi, qeyri-rəsmi və ya rəsmi olmağı deyil, orada yazılanlar önəmlidir. Hazırda Instagram-da hansısa qeyri-ciddi səhifənin "filan yer düşmən tapdağından azad edildi" və ya əksinə tipli xəbərlər daha çox oxunur, nəinki ciddi xəbər portalları, tv və radiolar-ın rəsmi səhifələri...

Əsasən, istifadəçilərinin çoxu gənclər olan "Tik tok" sosial şəbəkəsi isə bu kimi təhlükəsizlik məsələləri baxımından daha risklidir. Çünki burada giriş üçün yaş və video növü barədə hər hansı məhdudiyyət yoxdur. Bu şəbəkədə hər növdə video görmək mümkündür və bu səbəbdən də bir sıra ölkələrdə bloklanması təklif edilir.

Sosial şəbəkələrdə yayılan görüntülər vasitəsi ilə çəkiliş gedən məkanın koordinatlarını öyrənmək heç də çətin deyil. Bu səbəbdən də döyüş bölgəsinə aid videoların, şəkillərin yayılması hərbçilərimizin həyatı üçün olduqca böyük riskdir və bunun şahidi oluruq. Bu səbəbdən də belə görüntülər əldə etdikdə dostlarınızı müjdələyərək "like" yığmaq əvəzinə silmək tövsiyə olunur.

Azərbaycanda sosial şəbəkələrlə bağlı qadağaların qoyulması heç də daimi və boş yerə deyil, tamamilə milli təhlükəsizlik məsələsidir və hərbçilərin həyatını riskə atmamaq, düşmən təxribatlarının qarşısını almaq məqsədi ilə tətbiq olunub. Prezident İlham Əliyevin də Yaponiyanın "Nikkei" qəzetinə müsahibəsində dediyi kimi, internetə qoyulan məhdudiyyətlər müvəqqətidir və toqquşmaların aktiv fazası bitən kimi bütün bu məhdudiyyətlər aradan qaldırılacaq. Hazırkı vəziyyətdə isə informasiya sistemimizi də, hərbiçilərimizi də erməni təxribatından qorumalıyıq.

Bəxtiyar Umarlı
Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Psixoloq həftənin ən çətin gününün hansı olduğunu açıqladı

SONRAKI XƏBƏR

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib