İsveç hərbçiləri “5G” istifadəsindən imtina etdi

İsveç hərbçiləri “5G” istifadəsindən imtina etdi

İsveçin milli beşinci nəsil mobil rabitə şəbəkəsində “Huawei” və “ZTE” texnologiyalarından istifadə qadağan edilib. Bununla bağlı qərarın təşəbbüskarı qismində hərbçilər çıxış edib.

Lent.az “ICTnews”a istinadən xəbər verir ki, İsveç Silahlı Qüvvələr və Dövlət Təhlükəsizliyi Xidmətinin mütəxəssisləri tərəfindən risklərin qiymətləndirilməsi aparıldıqdan sonra Çin şirkətlərinin ölkədə “5G” şəbəkələrinin qurulmasında iştirakının qadağan edilməsi ilə bağlı yekun qərar qəbul edilib.

Qeyd olunur ki, tezliklə İsveçdə “5G” tezlikləri üçün hərrac keçiriləcək və yerli hakimiyyət onlara Çin şirkətlərinin sahib çıxmasını istəmir. Bundan başqa, hərracda iştirak edən bütün şirkətlər 2025-ci ilədək mövcud əsas qovşaqlardakı “Huawei” və “ZTE” avadanlıqlarını ləğv etməlidir.

Qərarın Çin avadanlığının milli maraqlar üçün təhlükə törətməsinə əminliyini ifadə edən ABŞ-ın təzyiqi ilə qəbul olunduğu ehtimal edilir.

Qeyd edək ki, iyulda Böyük Britaniyada “5G” şəbəkəsinin qurulmasında “Huawei” şirkətinin iştirakından imtina olunub. Bir müddət əvvəl Fransa operatorları Çin şirkətinin texnologiyalarından istifadə etməməyə çağırıb.

Mənbə: lent.az