Sosial şəbəkə profillərinin bloklanmasında erməni izi: “Onlara bəhanə verməməliyik”

Sosial şəbəkə profillərinin bloklanmasında erməni izi: “Onlara bəhanə verməməliyik”

Son günlər sosial şəbəkələrdə azərbaycanlıların şəxsi profilləri və səhifələri bloklanır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Facebook” şirkətinin rəhbərliyinə informasiya müharibəsində narahatlıq yaradan məqamlar barədə məktub ünvanlayıb. Müraciətdə son zamanlar “Facebook” və “Instagram” sosial şəbəkələrində narahatedici tendensiyaların müşahidə edildiyi diqqətə çatdırılıb.

Maraqlıdır, son günlər sosial şəbəkələrdə yaranan probelmin əsas səbəbi nədir? Fəaliyyəti məhdudlaşdırılan profil və səhifələr nə etməlidir? Bloklanan, məhdudlaşdırılan sosial şəbəkə hesablarının yenidən bərpa edilməsi ehtimalı varmı?

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, tanınmış jurnalist Azər Həsrət Cebhe.info-ya açıqlamasında bildirib ki, bu problem həmişə olub, lakin hazırda daha çox sayıda hesab və səhifələrin fəaliyyəti məhdudlaşdırılır deyə gündəmə gəlib:

“Hazırda sosial şəbəkələrdə profil və səhifələrin bloklanması tendensiyası müşahidə edilir. Bu problem əvvəllər də olub, sadəcə indi kütləvi şəkildə hesabların və səhifələrin fəaliyyəti məhdudlaşdırılır deyə mövzu aktual olub. Hazırda xüsusilə erməni məsələsi ilə aktual şəkildə məşğul olan hesabların sahibləri bu kimi problemlərlə daha çox qarşılaşırlar. Bu və ya digər şəkildə Ermənistan, erməni, erməni işğalı kimi ifadələri işlədən profil sahiblərinin hesabları bloklanır, yaxud məhdudlaşdırılır. Məsələ ondadır ki, mən özüm də bu işlə məşğulam. Uzun illərdir ki, “Facebook”, “Twitter”, “İnstagram’, “Telegram” kimi sosial şəbəkələrdən istifadə edirəm. Ermənilərin törətdikləri hadisələrlə bağlı da çox sayda paylaşımlarım olur. Lakin profillərimin bloklanması hallarına rast gəlməmişəm. Bəzən təəssüflər olsun ki, bizim bəzi sosial şəbəkə istifadəçilərimiz icazə verilən hədlərdən kənara çıxırlar. Yəni uyğunsuz, təhqiredici ifadələr istifadə edirlər. Bu da nəticə etibarı ilə onların sosial mediada zəif düşməsinə səbəb olur. Sosial mediadan qaydalara uyğun şəkildə, ustalıqla istifadə etmək lazımdır”.

Ekspert qeyd edib ki, sosial şəbəkələrdə profillərin məhdudlaşdırılmasının xüsusi qərəzi var:

“Bu hadisədə “Facebook” rəhbərliyində çalışan erməni əsilli işçilərin də rolu az deyil. Amma biz də onlara bəhanələr verməməliyik. Mən də profilimin şikayət edilməsi halı ilə rastlaşmışam. Hansı ki, kimsə profilimi şikayət edib və bildirib ki, uyğunsuz paylaşım var. Bu zaman mən uyğunsuz paylaşımın sübut edilməsini tələb etmişəm. Şikayəti əsaslandıra bilməyiblər deyə profilimi bloklamayıblar. Düşünürəm ki, bizim sosial media istifadəçilərimiz də bu cür davranmalıdır. Bizə qarşı olan qərəz bu gün də var, sabah da davam edəcək. Bloklanan profillərin və səhifələrin bloklanma, yaxud məhdudlaşdırılma səbəbi əsaslandırıla bilmirsə, profillər geriyə qaytarıla bilər. “Facebook”, “İnstagram” kimi sosial şəbəkələr ləğv edilmiş, məhdudlaşdırılmış hesabların ləğv edilmə səbəbini əsaslandıra bilmədikdə həmin hesablar geriyə qaytarılır. “Facebook”un yerləşdiyi qərb seqmentində qanun ciddi dərəcədə işləyir. Orada bununla bağlı məhkəmə perspektivi var. Buna görə də “Facebook” şirkəti istəmir ki, hər hansı səbəbə görə məhkəmə qarşısında cavab versin. Biz də hüquqi müstəvidə onlarla mübarizə aparmalıyıq”.

Semra Ələkbərli
Cebhe.info

Mənbə: cebhe.info