Düşmən kiberhücumları necə təşkil edir və ondan necə qorunaq ? – Mütəxəssisdən izah

Düşmən kiberhücumları necə təşkil edir və ondan necə qorunaq ? – Mütəxəssisdən izah

“İstifadəçilərdən “login” parollarından istifadə edərək daxil olmaq tələb edilir. Bəzi istifadəçilər bunun “fişinq” olduğunu anlamır”

“Öz məlumatlarını daxil edir və real “interface” olmadığına görə istifadəçinin daxil etdiyi məlumatlar birbaşa bu hücumu təşkil edən şəxsin əlinə keçir”

“Ən effektiv üsul ayıq-sayıq olmaq, e-poçt ünvanına gələn tələbləri aidiyyəti dövlət strukturunun saytına yönləndirməkdir”

Digər sosial platformalardan fərqli olaraq elektron poçt ünvanında gizliliyin qorunmasına dair inam var. Amma Ermənistan tərəfi cəbhədəki məğlubiyyəti ilə barışmayıb, kibermühitdə də uğursuz təxribatlarını davam etdirir. Sosial şəbəkələrdən – “WhatsApp”, “Facebook”, “Instagram”la yanaşı, artıq elektron poçt üzərindən də kiberhücumları təşkil etməyə çalışırlar.


Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib. Məlumata görə, düşmən bu dəfə də elektron poçt üzərindən nazirliyin adından “fişinq” (tilova salmaq) xarakterli məktublar göndərir.Həmin saxta məktublarda istifadəçilərdən 48 saat ərzində məktubda göstərilmiş keçidə daxil olaraq elektron poçtları qeydiyyatdan keçirmələri və onu təsdiq etmələri istənilir. Əks halda, həmin istifadəçilərin e-poçtlarından istifadə edə bilməyəcəkləri bildirilir. Əlbəttə, bütün bunlar düşmənin təxribatlarıdır. Aidiyyəti strukturlar insanları diqqətli olmağa çağırır.

 

Maraqlıdır, görəsən bu “tələ”yə düşməmək üçün istifadəçilər necə davranmalıdırlar?

Sualımızı cavablandıran İT məsələləri üzrə mütəxəssis Cavid Yaqubəli “Sherg.az”a bildirib ki, istifadəçilərdən “login” parollarından istifadə edərək daxil olmaq tələb edilir. Bəzi istifadəçilər bunun “fişinq” olduğunu anlamır. Öz məlumatlarını daxil edir və real “interface” olmadığına görə istifadəçinin daxil etdiyi məlumatlar birbaşa bu hücumu təşkil edən şəxsin əlinə keçir:

“Daha sonra o məlumatlardan istifadə olunaraq bizim adımızdan sosial şəbəkələrdə paylaşımlar edilir. Bu cür hücumlardan qorunmağın “Ən effektiv üsul ayıq-sayıq olmaq, e-poçt ünvanına gələn tələbləri əlaqədar dövlət strukturunun saytına yönləndirməkdir.

Ümumiyyətlə, xüsusən də, müharibə dövründə düşmənin məkrli oyunlarına tuş gəlməmək və onların maraqlarına cavab verməmək üçün belə e-poçtlara fikir verməmək lazımdır.

İstifadəçidə şübhə yarandığı təqdirdə nazirliyin özünün qaynar xəttinə zəng edərək müraciət edə bilər".

 

 

Mənbə: sherg.az