VPN təhlükəsindən nöqtə-vergül istəyinədək: Qaranlıq məqamlara aydınlıq gətirəcək MÜSAHİBƏ

Sentyabrın 27-dən etibarən Qarabağda hərbi əməliyyatların başlaması ilə ölkə ərazisində sosial şəbəkələrə girişə müəyyən məhdudiyyətlər tətbiq olunur.

”Whatsapp”, “Instagram”, “Facebook” kimi geniş auditoriyaya sahib olan sosial şəbəkələrə istifadəçiləri müxtəlif proqramlar vasitəsilə öz hesablarından, səhifələrdən istifadəyə davam edir. Son günlər isə sözügedən sosial şəbəkələrdə azərbaycanlıların şəxsi hesabları, səhifələri bloklanır, yaxud fəaliyyətləri məhdudlaşdırılır. Bütün bunlar əhali arasında cavabsız qalmış suallara səbəb olub.

Cebhe.info yaranan suallara sosial media mütəxəssisi, Türkiyə Atatürk Universitetinin Sosial Elmlər İnstitutunun Jurnalistika ixtisası üzrə doktorantı Nurlan Ağa ilə müsahibəsində aydınlıq gətirib.

-Artıq 1 aydan çoxdur ki, ölkə ərazisində sosial şəbəkələrə girişdə müəyyən məhdudlaşdırma var. Lakin insanlar müxtəlif üsullarla sosial şəbəkələrə daxil olurlar. Bunun nə kimi mənfi, müsbət cəhətləri ola bilər?

- İndiki dövrdə internetə çıxış imkanlarının alternativləri çoxdur və hazırda bütün proseslər internet üzərində qurulub. Məsələn, Azərbaycan Ordusunun Ermənistanın işğalından azad etdiyi torpaqlarla bağlı xəbərləri hər kəs “Twitter”dən alır, o zaman sosial şəbəkələrə girişi məhdudlaşdırmağın nə anlamı var? Deyə bilərsiniz ki, bu məlumatlar həm də Azərbaycan Televiziyasının canlı yayımından bildirilir. Lakin yenə də “Twitter” bu məsələdə önəmli rolunu saxlamaqdadır. Həm də xalqın, Azərbaycandakı internet istifadəçilərinin Prezidentə dəstəyi olmalı, “tvit”lər maksimum bəyənilməli və retvit edilməli, bunun üçün isə internet problemi aradan qaldırılmalıdır. Təbii ki, dezinformasiyanın qarşısının alınması, informasiya təhlükəsizliyinin təmin olunması məsələlərində müəyyən qadağalar mümkündür. Amma görürük ki, bu gün bu təşəbbüsün çox da anlamı qalmır.

- VPN-lərin insanların şəxsi məlumatlarından istifadə etdiyi fikri öz təsdiqini tapıbmı? Ümumiyyətlə, bu qəbildən olan proqramların istifadəsi nə üçün nəzərdə tutulub?

-“Virtual Private Network” dediyimiz şey, yəni VPN-lərin güvənlik məsələsi, təbii ki qarışıqdır. Ümumiyyətlə, internetin, sosial medianın özündə bir güvənsizlik, təhlükəsizlik, şəxsi bilgilərin üçüncü tərəfə ötürülməsi problemləri aktuallığını saxlayır. Baxın, qlobal anlıq mesajlaşma şəbəkəsi olan “WhatsApp” 2010-cu ildə meydana çıxıb və 2014-cü ildə “Facebook” tərəfindən 19 milyard dollar qarşılığında alınıb. BBC-nin verdiyi xəbərə görə, pulun dörd milyard dolları nəğd, 12 milyard dolları “Facebook” hissə sənədləri şəklində, geriyə qalmış üç milyard dolları isə “WhatsApp”ın qurucu və işçilərinə ödənib. Bu həmin vaxta kimi “Facebook”un şirkət olaraq ən böyük yatırımı olub. 2014-cü ildə “WhatsApp”ın banisi olmuş Jan Koum şirkəti müstəqil formada idarə edəcəyini və “Facebook’ rəhbərliyində təmsil olunacağını açıqlasa da, 2018-ci ildə vəzifəsindən istefa verib. O, elə “Facebook”da yazdığı statusla bu qərarını bildirib, vaxt problemi üzündən belə bir nəticəyə gəldiyini deyib. Lakin ABŞ-ın tanınmış “The Washington Post” qəzeti yayımladığı məqalədə bunun “Facebook” və “WhatsApp” arasında dataların mübadiləsinin genişləndirilməsi təşəbbüslərini Koumun qəbul etməməsi səbəbilə baş verdiyinə dair məqalə yayımlayıb. Yəni Zukerberqlə Koum bilgilərin üçüncü tərəfə ötürülməsi məsələsində anlaşa bilməmişdilər. Biz “Facebook” və əsas şəbəkələrə güvənə bilməzkən VPN-ə necə rahat güvənə bilərik? Özü də belə bir şəraitdə.

-Son günlər azərbaycanlıların sosial şəbəkə hesabları məhdudlaşdırılır. Məhdudlaşdırılan profil və səhifələr nə etməlidirlər? Sosial şəbəkə hesabları, səhifələr hansı hallarda bloklana, məhdudlaşdırıla bilər?

-Məhdudlaşdırılmaların səbəbi ən çox “hate speech” - nifrət diskursu və digər əsaslarla edilən şikayətlərə görə baş verir. Burada məqsəd doğru tutulmalı və bu cür hallarla qarşı-qarşıya qalmamaq üçün ehtiyatlı davranılmalıdır. Məsələn, #StopArmenia, #StopArmenianAgression, #StopArmenianTerrorism, #ArmeniaIsChildKiller və s. bu kimi həştəqlərlə tvit atan və ya paylaşım edən zaman müəyyən bir interval gözləmək faydalı olar, yəni ard-arda və tez-tez atılarsa, profilin bağlanma təhlükəsi yarana bilər. Məsələn, 2020 iyul hadisələri vaxtı gənclər “Twitter”də çox aktivlik göstərdilər, bu çox yaxşı hal idi. İlk dəfə idi sosial mediada belə təşəbbüslər həyata keçirilirdi, xüsusən siyasi görünümün olduğu “Twitter”də, lakin bəzi diqqətsizliklər səbəbindən bağlanan profillər oldu. Bir tərəfdən, Azərbaycanda rəqəmsal aktivliyin artması, sosial mediadan istifadənin bu həddə çatması yaxşıdır, amma digər tərəfdən də rəqəmsal savadlılıq, sosial media savadlılığının göstəricilərinə diqqət etməliyik. Necə ki orduda kəmiyyət yox, keyfiyyət önəmlidir, bu sosial mediada da belədir. İndinin özündə də diqqətsizlik və sırf paylaşım etmək üçün yaranan ehtiyatsızlıqları görürük: Azərbaycan istifadəçiləri bəzən #StopAzerbaijaniAgression həştəqi ilə tvit atır, hətta ermənilər bunları retvitləyirlər. Haqlı ikən haqsız vəziyyətə düşürük, bilirik ki, bu həmin tviti atanın da istədiyi bir şey deyil. Ona görə də, diqqət və ehtiyyat qəti şəkildə əldən buraxılmamalıdır. Belə bir vəziyyətdə idarəedicilərin olması yaxşı haldır. Məsələn, “Amerikansayağı Bakı” səhifəsinin bu sahədəki fəaliyyətini təqdir edirəm. Bir nəfərin ard-arda və ara vermədən həştəqli 50 tvit atmasındansa, 10 nəfərin birlikdə və bölüşdürülmüş şəkildə bu işin öhdəsindən gəlməyi daha faydalı və əlverişlidir. Beləliklə, aktiv profillərimizi itirmədən sosial media müharibəsində fəal iştirak edə bilərik. Bir də ki, bunu keçən dəfə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəisi İbrahim Əhmədov da qeyd etmişdi. Böyük səhifələrdə erməni istifadəçilərlə qarşıdurmaya girib, onlara nəyisə başa salmaq yerinə diqqət həmin paylaşımlarda əsas öz haqq səsimizi çatdıran rəylərin yazılmasına yönəldilməlidir. Yəni 30 ildir işğalçı olduğunu qəbul etməyən birinə 30 saniyədə sosial mediadakı rəydə bunu başa sala bilmərik. Tam tərsinə, bu yazışmalara görə dərhal şikayət edirlər və profillər təhlükə ilə üzləşir. Ona görə də məqsədi düzgün və daha faydalı şəkildə yönləndirmək lazımdır. Qaldı ki bundan necə qurtulmaq olar, bu, müəyyən vasitələrə baxır. Adətən digər istifadəçilər profilə daxil olaraq müəyyən bölümdən profili xilas etmək üçün öz dostlarının adına müraciət edirlər.

- Bəzi istifadəçilər yazırlar ki, "Rəylərə nöqtə, vergül yazın, hesabım aktivləşsin". Nöqtə, vergül problemi həll edirmi?

-Bu, bir az absurd məsələdir. Doğru bildiyimiz yanlış silsiləsi də deyə bilərik. “Facebook”un heç kimlə şəxsi qərəzi yoxdur, profillərdən edilən paylaşımlar reaksiyalara, bəyənmələrə, rəylərə çox məruz qalmadıqda sosial şəbəkələr özləri, bir növ təbii seçmə edirlər. Yəni siz gündə 10 paylaşım edirsiniz və bunlardan cəmi 2-3-nə bəyənmə gəlir və ya rəy yazılır. Bunu da “Facebook” izləyir və belə qərar verir ki, sizin profiliniz ictimaiyyət üçün çox da önəm kəsb etmir, yəni sizi az insan görsə də, olar. Təbii ki bu doğru bir yanaşma deyil, dediyimiz kimi, sosial mediada tənqidi tərəflər, bərabərsizliklər çoxdur, ətraflı məlumat üçün maraqlananlara avstriyalı professor Kristian Fuksun “Social Media: A Critical Introduction” elmi əsərini və ya onun tərcümə versiyalarını məsləhət görə bilərəm. Amma reallıq budur ki, nöqtə-vergül istəməkdənsə, sosial şəbəkələrdə maraq doğuracaq və önəmli paylaşımlarınızı əsas tutun. Nöqtə-vergülün bir növ məntiqi buna dayanır: yəni statusları aktivləşdirmək, “Facebook”a demək ki, bax, mənə də rəy yazırlar, məni də ciddiyə alırlar. Amma bunu “sosial şəbəkə mənimlə qərəz aparır, məni bloka salır” şəklində birmənalı şərh etmək və ya bu formada xal yığmaq doğru deyil. Azərbaycan internet istifadəçilərinin “Twitter”ə axını zamanı da belə hallar görürdük, izləyici sayı artırmaq, 50-dən aşağı izləyicisi olan profillərin həştəqləri trendə düşmür demək və s. Bunlar da mütəxəssislər tərəfindən doğrulanmadı. Etiraf edək ki, çoxu da özünə izləyici toplamaq üçün bunu edirdi. Ola bilər, amma gəlin belə bir dövrdə səmimiyyətimizi qoruyaq, publikaya oynamayaq, empatiya ilə hərəkət edək.

 

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

Düşmənin 7 tankını məhv edən yaralı zabitimizi BELƏ QARŞILADILAR - VİDEO

SONRAKI XƏBƏR

Erməni terroru nəticəsində valideynsiz qalan körpələrin səsi - Video