Yaponiyada nəhəng “Gundam” robotu ictimaiyyətə təqdim edilib-

Yaponiyada nəhəng “Gundam” robotu ictimaiyyətə təqdim edilib-

Noyabrın 30-da Tokionun yaxınlığında yerləşən Yokohama şəhərində “Gundam” animasiyasının qəhrəmanı olan hərəkət edən robot ictimaiyyətə təqdim olunub.

Azərtac xəbər verir ki, hündürlüyü 18 metr olan robot Yamaşita parkında inşa olunan “Gundam Factory” kompleksinin bir hissəsini təşkil edir. Robot baxış platforması rolunu oynayacaq dokun üzərində yerləşdirilib. Dokun yaxınlığında robotun hazırlanması prosesini və onun daxili hissələrini əks etdirən sərgi salonu yerləşir.

Buradakı pavilyonların birində yerləşdirilmiş qurğuda ziyarətçilər müasir texnologiyaların köməyi ilə özlərini “Gundam” robotunun pilotunun yerində hiss edə bilərlər. Bu zaman görüntünü ötürmək üçün Yaponiyanın “Softbank” mobil operatorunun 5G şəbəkəsindən istifadə olunur. Bununla yanaşı, kompleksdə tematik kafe, konfrans zalı və animasiya qəhrəmanlarının oyuncaqlarının satıldığı mağaza yerləşir.

Qeyd edək ki, “Gundam Factory” kompleksinin açılışı cari ilin yayında nəzərdə tutulsa da, koronavirus pandemiyasına görə təxirə salınmışdı.

Kompleksə tamaşaçıların buraxılmasına isə dekabrın 19-dan etibarən başlanacaq. Biletin qiyməti isə 1650 yendən 3300 yenədək (16 dollardan 32 dollaradək) olacaq.

Mənbə: strateq.az