Tramp COVID-19 peyvəndinin lisenziya məsələsini ləngitməməyə çağırdı

Tramp COVID-19 peyvəndinin lisenziya məsələsini ləngitməməyə çağırdı

Amerika Prezidenti Donald Tramp ABŞ-ın qida məhsulları və tibbi preparatların keyfiyyətinə nəzarət üzrə idarəni (FDA) koronavirusa qarşı peyvəndin istifadəsinə icazə verilməsini ləngitməməyə çağırıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, D.Tramp bu barədə özünün “Twitter” səhifəsində yazıb.

“Moderna” kompaniyası təxirəsalınmaz vəziyyətlərdə vaksinin istifadəsinə icazə verilməsi üçün müraciət edib. FDA təcili reaksiya verməlidir!”, - deyə ABŞ Prezidenti bildirib.

“Moderna” kompaniyasının bu məsələ ilə bağlı FDA-ya bu gün-noyabrın 30-da müraciət edəcəyi gözlənilir. Bundan öncə Almaniyanın “BioNTech” kompaniyası ilə birgə vaksin hazırlayan ABŞ-ın “Pfizer” kompaniyası da quruma analoji müraciət etmişdi.

ABŞ-ın səhiyyə naziri Aleks Azar bildirib ki, “Pfizer” və “BioNTech” kompaniyalarının hazırladığı peyvəndin yoxlanılması üzrə iclas dekabrın 10-da keçiriləcək. Bundan bir neçə gün sonra isə preparatın istifadəsinə icazə verilə bilər. “Moderna” kompaniyasının işinə isə bundan bir həftə sonra baxılacaq.

Yeri gəlmişkən, bu arada “Moderna” şirkətinin koronavirusa qarşı hazırladığı vaksinin effektivlik göstəricisi açıqlanıb.

Bildirilib ki, ilkin analizlərə əsasən, koronavirusa qarşı vaksinin səmərəliyi 94,1 %, xəstəliyin ağır hallarında isə 100 % olub.

Mənbə: virtualaz.org