BMU-nun təşkilatçılığı ilə beynəlxalq proqramlaşdırma müsabiqəsi keçirilib

BMU-nun təşkilatçılığı ilə beynəlxalq proqramlaşdırma müsabiqəsi keçirilib

Müsabiqənin regional mərhələsinin nəticələrinə əsasən ADA Universitetinin və BMU-nun komandaları I dərəcəli diploma layiq görülüblər

Bakı Mühəndislik Universitetinin (BMU) təşkilatçılığı ilə “45-ci ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin regional mərhələsi (XVI Azərbaycan Birinciliyi) keçirilib.

Onlayn formada baş tutan müsabiqədə Azərbaycanın 16 ali təhsil müəssisəsindən 63 komanda (hər komanda 3 tələbə və komanda rəhbərindən ibarətdir) və 3 məktəbli komandası (müsabiqədən kənar) iştirak edib.

Komandalara 5 saat ərzində 13 alqoritmik məsələni C, C++, Java və ya Python proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib. Qiymətləndirmə avtomatik qaydada https://official.contest.yandex.ru/az2020/contest/23211/standings?p=1 saytı vasitəsilə aparılıb.

Müsabiqənin regional mərhələsinin nəticələrinə əsasən ADA Universitetinin “Road to the Final” komandası I , “Noobies” komandası II, BMU-nun “Baku EU 1” komandası isə III yerdə qərarlaşıb və I dərəcəli diploma layiq görülüblər. Bundan başqa, 19 komanda II dərəcəli diplomla, 7 komanda III dərəcəli diplomla, 6 komanda isə yüksək nailiyyət sertifikatı ilə təltif olunub.

Müsabiqənin nəticələrinə uyğun olaraq müvəffəqiyyət qazanmış 34 komanda bu ilin 13 dekabr tarixində onlayn keçiriləcək “45-ci ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin yarımfinal mərhələsində ölkəmizi təmsil edəcəklər.

“ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsi 1977-ci ildən mütəmadi olaraq təşkil edilir. Son müsabiqədə (44-cü ICPC/2019-2020) 111 ölkənin 3500-ə yaxın ali təhsil müəssisəsindən 60 000-ə qədər tələbə iştirak etmişdi.

Azərbaycan ali təhsil müəssisələrinin komandaları isə bu müsabiqəyə 2005-ci ildən etibarən davamlı şəkildə qatılırlar. Regional müsabiqənin baş sponsoru Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bankdır.

 

 

Mənbə: moderator.az