2020-ci il rekordlar arasında ən isti üçlük arasındadır

2020-ci il rekordlar arasında ən isti üçlük arasındadır

Ümumdünya meteorologiya təşkilatı (ÜMT) planetdə yanvar-oktyabr ayları ərzində orta istilik, okeanın vəziyyəti, eləcə də daşqın, quraqlıq və yanğın barədə məlumatları əks etdirən hesabat hazırlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ÜMT məlumatlarına görə Yer kürəsi 2020-ci ildə də əhəmiyyətli dərəcədə istiləşmə dövrünü yaşamağa davam edir. İlkin hesablamalara görə, bu il müşahidələr tarixində ən isti üç ildən biri olacaq və çox güman ki, 2016 və 2019 rekord illər arasında ikinci yeri tutacaq.

"Təəssüf ki, 2020-ci il iqlim nöqteyi nəzərdən daha bir qeyri-adi il oldu. Quruda, dənizdə və xüsusilə də Arktikada yeni ekstremal istiləri müşahidə etdik. Meşə yanğınları, tüstü burumları dünyanın müxtəlif yerlərinə yayıldı, Avstraliya, Sibir, ABŞ-ın Qərb sahili və Cənubi Amerikanın geniş ərazilərini əhatə etdi. Noyabr ayında, Mərkəzi Amerikada görünməmiş təkrarlanan 4-cü kateqoriya qasırğaları da daxil olmaqla, Atlantikada rekord sayda qasırğa gördük", - deyə, ÜMT Baş katibi Petteri Taalas bildirib.

Şiddətli daşqınlar Şərqi Afrika və Sahel, Cənubi Asiya, Çin və Vyetnamda milyonlarla insana təsir etdi. Hindistan 1994-cü ildən bəri iki ən yağışlı musson mövsümlərindən birini yaşayıb, avqust ayı Pakistan üçün müşahidələr tarixində ən yağışlı ay olub, genişmiqyaslı daşqınlar isə bütün bölgədə (Banqladeş, Nepal və Myanma daxil olmaqla) müşahidə edilib.

Cənubi Amerikanın daxili bölgələrində, şiddətli quraqlıq 2020-ci ildə bir çox bölgəni əhatə etdi, bununla belə Şimali Argentina, Paraqvay və Braziliyanın qərb sərhəd bölgələri ən çox təsirləndi.

ABŞ-da indiyə qədər qeydə alınan ən böyük yanğınlar yay və payız aylarında baş verdi. Yayılmış quraqlıq və güclü istilər yanğınlara səbəb oldu və iyul-sentyabr dövrü cənub-qərbdə ən isti və ən quru dövr olaraq qeydə alındı.

2020-ci ildə dünya miqyasında tropik siklonların sayı orta göstəricilərdən yüksək idi: 2020-ci ilin Şimali Yarımkürə və 2019-2020 ilin Cənubi Yarımkürə mövsümlərində noyabrın 17-nə olan vəziyyətinə görə 96 siklon baş verib.

Ümumilikdə, 2020-ci ilin göstəriciləri insan fəaliyyətindən qaynaqlanan istiləşmənin davam etdiyi barədə fikri təsdiq edir. 2011-ci ildən 2020-ci ilə qədər olan müddət indiyə qədər qeydə alınan ən isti onillikdir.

2020-ci il üzrə qlobal iqlimin vəziyyətinə dair ilkin hesabat yanvar-oktyabr ayları arasındakı temperatur məlumatlarına əsaslanır. 2020-ci il üzrə yekun hesabat 2021-ci ilin mart ayında dərc ediləcək.

Mənbə: news.milli.az