Molekulyar bioloqlar siçanların gözünü qlaukomadan xilas ediblər

Molekulyar bioloqlar siçanların gözünü qlaukomadan xilas ediblər

Molekulyar bioloqlar gen terapiyasının köməyilə yaşlı siçanların göz hüceyrələrini cavanlaşdırmaqla ilk dəfə olaraq onları qlaukomadan xilas ediblər. Tədqiqatın nəticələri "Nature" jurnalında dərc edilib. Son 20 ildə molekulyar bioloqların kəşf etdikləri bir neçə mexanizm sayəsində kök hüceyrələri sümük, əzələ, dəri və sinir sisteminin "yetkin" toxumasına çevirmək mümkündür. Nəzəri baxımdan onlardan ciddi travma və müxtəlif degenerativ xəstəliklərin müalicəsində özünəməxsus "ehtiyat hissə" kimi istifadə etmək olar. 2016-cı ildə amerikalı alimlər müəyyən ediblər ki, analoji üsullardan orqanizmin və ayrı-ayrı orqanların, habelə kök hüceyrələrin həyat fəaliyyətinə cavab verən genlərin cavanlaşması üçün istifadə etmək olar. Siçanlar üzərində təcrübə göstərib ki, dörd geni (Oct4, Sox2, Klf4 və cMyc) "işə salmaqla" bu gəmiricilər cavanlaşıb və ömürləri uzanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Harvard Universitetindən (ABŞ) Devid Sinkler və onun həmkarları siçanların görmə orqanını DNT strukturuna toxunmadan onları tamamilə cavanlaşdırmaq məqsədilə analoji yanaşmadan istifadə ediblər. Bunun üçün alimlər gözün tor qişasında hüceyrələrə və digər toxumalara nüfuz edəcək xüsusi retrovirus yaradıblar.

Sinklerin sözlərinə görə, tədqiqat göstərib ki, tor qişada olduğu kimi, digər orqanlarda da mürəkkəb toxumaları cavanlaşdırmaq və onların normal işini bərpa etmək mümkündür və bu, təhlükəsizdir. Əgər gələcək eksperimentlər bu nəticələri təsdiq edərsə, bu, qlaukomanın və yaş dövrü ilə əlaqəli olan digər xəstəliklərin müalicə üsullarını köklü surətdə dəyişəcək.

Alimlərin yaratdığı retrovirus yuxarıda qeyd edilən dörd gendən üçünü (Oct4, Sox2 və Klf4) müvəqqəti "işə sala" bilir. Bunun nəticəsində göz hüceyrələrini öz funksiyalarını itirməkdən qorumaq olar. Təcrübə zamanı siçanlara retrovirus vurulduqdan sonra onlarda tor qişada hüceyrələr yeni sinir ucu yaratmağa, bir-biri ilə əlaqəni bərpa etməyə, habelə mərkəzi görmə siniri ilə birləşməyə başlayıb. Nəticədə siçanlar qlaukomadan xilas olub.

Sinkler və onun həmkarları oxşar nəticələri cavan siçanların tor qişasını xüsusi zədələdikdən sonra onların görmə siniri üzərində də əldə ediblər.

Milli.Az

Mənbə: news.milli.az