“Uber” 2023-cü ildə Melburnda hava taksisini istifadəyə verəcək

“Uber” 2023-cü ildə Melburnda hava taksisini istifadəyə verəcək

Bakı, 12 iyun, AZƏRTAC

Melburn “Uber” kompaniyasının hava taksisini istifadəyə verəcəyi şəhərlərdən biri olacaq.

AZƏRTAC Avstraliyanın ABC teleradio kompaniyasına istinadla xəbər verir ki, “Uber Air” adlı servis yaxın illərdə Amerikanın Texas ştatının Dallas və Kaliforniya ştatının Los-Anceles şəhərlərində fəaliyyətə başlayacaq. Hava taksisi vertikal uçuş və eniş sisteminə malik nəqliyyat vasitəsidir və havaya pərlər vasitəsi ilə qalxacaq.

Avstraliyanın Melburn şəhərində “Uber Air” servisi vasitəsi ilə kommersiya daşımaları 2023-cü ildə nəzərdə tutulub. İlk eksperimental uçuşlar isə artıq gələn ildən test rejimində həyata keçirilə bilər.

“Uber” mobil telefondakı proqram vasitəsi ilə fərdi avtomobil sürücülərinin xidmətlərindən istifadə etməyə imkan verən avtomobil daşımaları arasında populyar online-servisdir. Əsası 2009-cu ildə sahibkarlar Trevis Kalanik və Harret Kemp tərəfindən qoyulan və mənzil qərargahı Kaliforniya ştatının San-Fransisko şəhərində yerləşən kompaniya hazırda dünyanın təxminən 80 ölkəsinin 500-dən çox şəhərində fəaliyyət göstərir.

Mənbə: azertag.az