Uşaqlar üçün yeni sosial şəbəkə yaradıldı - TeenUp

Belaruslu xanım mütəxəssislər uşaq və yeniyetmələr üçün təhlükəsiz beynəlxalq təhsil sosial şəbəkəsi yaradıblar.

Redaktor.az xəbər verir ki, startapın həmtəsisçisi Olqa İvanenko ilkin məqsədlərinin öz uşaqlarına dəstək olmaq və onların dünya təhsil və mədəni məkanına inteqrasiya etmələrinə yardım göstərmək olduğunu deyib.

“Bu gün bütün dünyada çox sayda məktəbli öz potensialını gerçəkləşdirə bilmir. TeenUp sosial şəbəkəsi bir tərəfdən rahat və təhlükəsiz şərtlərlə özünütəhsil imkanlarını genişləndirir, digər tərəfdən də koronavirus pandemiyası ilə bağlı yaranmış məhdudiyyətləri aradan qaldırmağa kömək edir”, - Olqa İvanenko bildirib.

TeenUp “uşaqlar uşaqları öyrədir” prinsipi ilə işləyir. İstənilən qeydiyyatdan keçmiş sosial şəbəkə istifadəçisi aktual məsələ ilə bağlı öz həmyaşıdlarından konsultasiya ala bilər. İlk növbədə, bu məktəb təhsilinə aiddir, lakin mövzu siyahısı qeyri-məhduddur və hobbi, ictimai aktivlik və ya məişət problemlərinin həllinə aid ola bilər. Şəbəkə iştirakçıları eyni zamanda istər “müəllim”, istərsə də “şagird” qismində çıxış edə bilərlər. Bundan başqa, həm videoçarxların yerləşdirilməsi, həm də onlayn ünsiyyət imkanı yaradılıb.

TeenUp sosial şəbəkəsinə “şagirdlərin” öyrədici çarxlar və ya “müəllimlərlə” onlayn-konsultasiyaya görə ödəniş etməsi üçün oyun “pulları” inteqrasiya edilib. Qazanc real pula çevrilə və valideynlərin kartına və yaxud uşağın valideyn hesabına bağlanmış kartına köçürülə bilər. “İstənilən ölkədə istənilən uşaq TeenUp vasitəsilə öz ağlı və ya kreativliyi ilə pul qazana bilər. Beləliklə də, yoxsulluq səviyyəsi yüksək olan ölkələrdə uşaq ailənin tam dəyərli başçısı ola bilər.

Artıq yaxın zamanlarda şəbəkənin funksional imkanlarının əhəmiyyətli dərəcədə genişləndirilməsi baş tutacaq. TeenUp-da şagirdlərin süni intellektə əsaslanan və yeniyetmələrə öz məqsədlərinə doğru getməyə kömək edən motivasiya sisteminin inteqrasiyası planlaşdırılır. Sistem sosial şəbəkə iştirakçılarının hərəkətlərini qiymətləndirəcək və onların qoyulmuş vəzifəyə nail olmağa yardım edib etmədiyini göstərəcək.

Bundan başqa, iştirakçıların seçilmiş istiqamətdə nə qədər irəli getməsindən asılı olaraq, onlara dərəcələr veriləcək. Qeydiyyat zamanı bütün istifadəçilər “Yeni başlayan” statusu alırlar. Maksimal “Qrand-master” dərəcəsini artıq sosial şəbəkədə trendlər müəyyən edənlər və öz sahəsində qəbul edilmiş avtoritet sayılanlar alır. Qrand-masterlər sosial şəbəkədə müstəqil şəkildə çellenclər və marafonlar təşkil edə bilərlər.

Həmçinin, TeenUp-da maraqlar üzrə marafonlar – ayrı-ayrı mövzular üzrə ümumdünya müsabiqələri sistemi gerçəkləşdiriləcək.

“Bu cür marafonların əsas məqsədi eyni maraqları olan uşaq və yeniyetmələrin ünsiyyətidir. Biz bütün dünyada gənclərin ümumi maraqlar əsasında tanış olması, həmfikirlər tapması və bir birindən öyrənməsini istəyirik. Bu uşağın tam dəyərli inkişafı üçün təhlükəsiz mühitdir”, - Olqa İvanenko vurğulayıb.

Əlavəni Google Play və Apple Store-dan yükləmək olar. Məhsul beynəlxalq bazar üçün nəzərdə tutulub və istər rus, istərsə də ingilis dilində interfeysə malikdir. Yaxın gələcəkdə proqramın Azərbaycan dilinə də tərcüməsi planlaşdırılıb.

Sosial şəbəkənin yaradıcısının mənzil-qərargahı Minskdə (Belarus) yerləşir.

 

Redaktor.az

ƏVVƏLKİ XƏBƏR

Ukraynada koronavirusdan ölənlərin sayı 20 min 984 nəfərə çatıb

SONRAKI XƏBƏR

Füzuli Beynəlxalq Hava Limanı bölgənin inkişafında xüsusi əhəmiyyətə malik olacaq - Millət vəkili