Misirdə təxminən 5 min il yaşı olan iki qədim məzar aşkarlanıb. Alimlər hesab edirlər ki, bu tapıntılar sonradan məşhur Giza piramidalarının tikintisində istifadə olunan mühəndislik texnologiyalarının mənşəyini anlamağa kömək edə bilər.
Bu barədə "Daily Mail" məlumat yayıb.
Qədim məzarlar Misirin Minya vilayətində, Nil çayının şərq sahilində yerləşən Cəbəl ət-Tayr bölgəsində aşkar edilib. Tədqiqatçılar bildirirlər ki, məzarların konstruksiyası mürəkkəb mühəndislik həllərinin Giza piramidalarının inşasından yüzilliklər əvvəl mövcud olduğunu göstərir.

Alimlərin diqqətini xüsusilə divarların quruluşu cəlb edib. Divarlar aşağı hissədə daha enli, yuxarıya doğru isə tədricən daralır. Bu üsul tikililərin dayanıqlığını artırır və sonradan Misirin monumental memarlığının əsas xüsusiyyətlərindən birinə çevrilib.
Qazıntılar zamanı daş emalının izləri, həmçinin divarlara yerləşdirilmiş iri taxta tirlər də aşkar olunub. Uzunluğu demək olar ki, bütün tikili boyu uzanan bu tirlərin konstruksiyanı möhkəmləndirmək üçün istifadə edildiyi ehtimal edilir.

Mütəxəssislərin fikrincə, yeni tapılan məzarların memarlıq xüsusiyyətləri Misirin ilk hökmdarlarının, o cümlədən firon Denin dəfn olunduğu Abidosdakı kral məzarlarını xatırladır. Bu isə qabaqcıl tikinti texnologiyalarının ölkə ərazisində indiyədək düşünüldüyündən daha erkən yayıldığını göstərə bilər.
Arxeoloqlar bundan əlavə, Misirin birləşməsindən əvvəlki dövrə aid daha qədim qəbiristanlıq da aşkar ediblər. Burada embrion vəziyyətində dəfn olunmuş və həsirlərə bükülmüş insan qalıqları, fironlardan əvvəlki dövrə aid keramika nümunələri, eləcə də daha sonrakı dövrə məxsus taxta tabutlar tapılıb.

Tədqiqatçılar bildirirlər ki, bu kəşf sadə dəfn tikililərinin minilliklər boyu necə möhtəşəm daş abidələrə çevrildiyini izləməyə imkan verir və qədim Misir memarlığının inkişafı ilə bağlı mövcud təsəvvürləri dəyişə bilər.
Müəllif: Adəm Abbaslı
Mənbə: publika.az