Azərbaycanda son illərdə internetin inkişafı və bağlantı sürətinin artması ilə bağlı açıqlamalar verilir. Belə ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin məlumatına əsasən son bir ildə ölkədə sabit genişzolaqlı internetin sürəti 13 faizdən çox, mobil internetin sürəti isə 36 faizədək artıb. Bununla yanaşı, istifadəçilər üçün əsas suallardan biri internet xidmətinin qiyməti ilə təqdim olunan sürət və keyfiyyət arasında balansın necə qurulmasıdır.
Bəs internet tarifləri hansı prinsiplərlə formalaşır? Sürət və xidmət keyfiyyətindəki dəyişikliklər tarif siyasətinə necə təsir edəcək?
Mövzu ilə bağlı danışan İnformasiya Texnologiyaları üzrə mütəxəssis Əmrah Mövsümzadənin fikrincə, internet sürətinin artırılması qiymətə təsir etməməlidir:
“İnternet tariflərinin formalaşması telekommunikasiya infrastrukturuna yatırılan investisiyalar, beynəlxalq internet trafikinin dəyəri, fiber-optik şəbəkələrin genişləndirilməsi, avadanlıqların yenilənməsi, texniki xidmət, enerji və əməliyyat xərcləri, eləcə də bazardakı rəqabət mühiti kimi amillər asılıdır.
Tariflərin müəyyənləşdirilməsində istifadəçiyə təqdim olunan internet sürəti, şəbəkənin ötürmə qabiliyyəti, xidmətin davamlılığı və texniki dəstəyin keyfiyyəti də mühüm rol oynayır.
Sürətin artırılması özlüyündə internet tariflərinin bahalaşdırılması üçün avtomatik əsas hesab edilə bilməz. Operatorlar şəbəkənin modernləşdirilməsi, yeni texnologiyaların tətbiqi və infrastrukturun genişləndirilməsi istiqamətində ciddi investisiyalar həyata keçiriblərsə, müəyyən qiymət dəyişiklikləri iqtisadi baxımdan mümkündür”.
Ekspertin sözlərinə görəbelə olan halda qiymət artımı şəffaf şəkildə izah edilməli, istifadəçilərə təqdim olunan xidmətin keyfiyyəti buna uyğunlaşdırılmalı, yalnız kağız üzərində göstərilən yüksək sürət deyil, istifadəçinin gündəlik təcrübəsində hiss etdiyi real performans əsas meyar sayılmalıdır.
Ə.Mövsümzadə təqdim olunan internet sürətindən razı olmadığını vurğulayaraq qeyd edir:
“Praktikada isə istifadəçilərin hər zaman müqavilədə və ya reklam materiallarında göstərilən maksimum sürəti əldə etdiyini söyləmək düzgün olmaz. Mən özüm də internet provayderlərinin xidmətindən istifadə edirəm və açığını desəm, təqdim olunan sürətdən narazıyam.
İnternetin sürətinə eyni vaxtda şəbəkədən istifadə edən abonentlərin sayı, daxili şəbəkənin yüklənməsi, istifadə olunan modem və marşrutlaşdırıcı Wi-Fi siqnalının keyfiyyəti, serverlərin coğrafi yerləşməsi və digər texniki amillər təsir göstərir. Buna görə də xidmətin keyfiyyəti yalnız meqabit göstəricisi ilə deyil, gecikmə, paket itkisi, bağlantının sabitliyi və xidmətin fasiləsizliyi kimi göstəricilər əsasında qiymətləndirilməlidir”.
Mütəxəssis bildirir ki, kibertəhlükəsizlik baxımından da xidmətin keyfiyyəti mühüm əhəmiyyət daşıyır:
“Müasir dövrdə internet xidməti yalnız yüksək sürət demək deyil. Operatorlar istifadəçiləri DDoS hücumlarından qoruyan mexanizmlərə, DNS təhlükəsizliyinə, şəbəkə monitorinqinə, məlumatların bütövlüyünün qorunmasına və infrastrukturun dayanıqlılığına da investisiya yatırmalıdırlar. Çünki rəqəmsal xidmətlərdən asılılığın artdığı şəraitdə internetin fasiləsiz və təhlükəsiz işləməsi həm iqtisadiyyat, həm də dövlət xidmətləri üçün strateji əhəmiyyət daşıyır.
Qiymət və xidmət keyfiyyətinə nəzarət mexanizmləri mövcud olsa da, bu sahədə daha şəffaf və effektiv yanaşmaya ehtiyac var. Operatorların vəd etdikləri sürət göstəriciləri müstəqil şəkildə ölçülməli, xidmətin keyfiyyəti mütəmadi monitorinq edilməli və nəticələr ictimaiyyət üçün açıq şəkildə paylaşılmalıdır. Eyni zamanda, istifadəçi şikayətlərinin operativ araşdırılması, xidmət keyfiyyəti standartlarının dəqiq müəyyənləşdirilməsi və onların icrasına effektiv nəzarət bazarda sağlam rəqabətin formalaşmasına müsbət təsir göstərə bilər”.
Ə.Mövsümzadə əlavə edir ki, istifadəçi daha yüksək tarif ödəyirsə, bunun qarşılığında yalnız nəzəri sürət artımı deyil, daha stabil bağlantı, aşağı gecikmə, yüksək təhlükəsizlik və keyfiyyətli texniki dəstək əldə etməlidir.
Onun sözlərinə görə, rəqəmsal iqtisadiyyatın inkişaf etdiyi müasir dövrdə əsas prioritet sürətlə yanaşı etibarlılıq, davamlılıq və istifadəçi məmnuniyyətinin təmin edilməsidir.
Mənbə: bizim.media