"Apple" "Telegram"ı "App Store"dan niyə sildi? – Səbəb açıqlandı

"Apple" "Telegram"ı "App Store"dan niyə sildi? – Səbəb açıqlandı

"Apple" mesajlaşma tətbiqi "Telegram"ı uşaqlara qarşı cinsi istismar məzmunu ilə bağlı qaydaları pozduğu üçün qısa müddətlik "App Store"dan silib.

Xarici KİV-ə istinadən xəbər verilir ki, "Telegram" bazar ertəsi gecə saatlarında "iPhone" və "iPad" üçün nəzərdə tutulan tətbiq mağazasından çıxarılıb.

"Apple"ın ABŞ mediasına verdiyi açıqlamada bildirilib ki, aparılan yoxlama zamanı "Telegram"da şirkətin uşaqlara qarşı cinsi istismar materiallarını qadağan edən qaydalarını pozan məzmun aşkarlanıb.

Qeyd olunub ki, "Telegram" həmin məzmunu operativ şəkildə silib və onu paylaşan istifadəçini blokladıqdan sonra tətbiq yenidən "App Store"a qaytarılıb.

"Telegram" isə ABŞ mərkəzli X sosial şəbəkəsində paylaşdığı açıqlamada hadisəyə istehzalı münasibət bildirərək, "Öldüyümə dair xəbərlər xeyli şişirdilib" ifadəsini işlədib.

Platforma "Apple"ı işarələdiyi digər paylaşımında isə "Ümid edirəm ki, gələcəkdə bu yanaşma mağazadakı bütün tətbiqlərə eyni şəkildə tətbiq olunacaq, elə deyilmi?" sualını ünvanlayıb.

Xatırladaq ki, Rusiya iyunun 30-da "Telegram"ın təsisçisi və baş icraçı direktoru Pavel Durovu terrorçular və ekstremistlər siyahısına daxil edib. Bundan başqa, Avstraliyanın İnternet Təhlükəsizliyi Komissarlığı da terrorla əlaqəli məzmunu platformadan silmədiyi əsas gətirilərək "Telegram"a qarşı məhkəmə iddiası qaldırıb.

Gülay

Mənbə: azxeber.com