Əksər hallarda münasib qiyməti və zəngin təchizatı ilə seçilən Çin istehsalı avtomobilləri son illərdə Azərbaycanda da geniş yayılıb. Lakin bu avtomobillərdə sükanın qəfil bloklanması və ya elektron sükan sistemində nasazlıqların yaranması ilə bağlı hadisələr müşahidə olunur.
Çin avtomobillərində sükanın qəfil bloklanması hallarının əsas səbəbləri nələrdir? Bu riski azaltmaq üçün sürücülər nələrə diqqət etməlidirlər?
Mövzu ilə bağlı açıqlama verən avtomobil mütəxəssisi Elçin Abbasov sükanın bloklanması kimi təqdim olunan hadisələrin, əsasən, hər çin avtomobilində müşahidə edilmədiyini bildirib.
Mütəxəssisin sözlərinə əsasən, bu avtomobillərin əksəriyyətində zolaqda saxlama funksiyası mövcuddur:
“Yəni avtomobil hərəkət zamanı zolağı izləyir və sürücünün zolaqdan nəzarətsiz çıxmasının qarşısını almağa çalışır. Sürücü zolağı dəyişmək istədikdə isə sistem müəyyən müqavimət göstərir. Bəzi insanlar bunu sükanın tutulması və ya bloklanması kimi qiymətləndirə bilərlər. Lakin praktikada biz belə hallarla rastlaşmamışıq. Düzdür, bəzən sükan mexanizmində nasazlıqlar baş verə bilir. Bu nasazlıqlar əksər hallarda müxtəlif səslərin yaranması və ya sistemin işində xırda qüsurlarla bağlı olur. Bunlar isə təmir edilə bilən problemlərdir. Ona görə də bu avtomobillərdə sükanın sistemli şəkildə bloklanması kimi bir nasazlıq müşahidə olunmur”.
Elçin Abbasov bəzi avtomobillərdə əyləc sistemi ilə bağlı problemlərin yarana biləcəyindən bəhs edib:
“Belə hallarda əyləc sistemində nasazlıq əmələ gəlir və sürücü əyləcə basdıqda sistem gözlənilən şəkildə reaksiya verməyə bilər. Bunun əsas səbəblərindən biri odur ki, elektromobillərdə əyləc gücləndiricisi vakuum sistemi ilə işləmir. Çünki bu avtomobillərdə daxili yanma mühərriki olmur. Hibrid avtomobillərdə isə daxili yanma mühərriki fasiləsiz işləmədiyindən bəzi hallarda bu cür nasazlıqlar yarana bilər. Lakin bunlar da təmir olunaraq aradan qaldırılan problemlərdir”.
Xatırladaq ki, ötən gün Avatr markalı Çin avtomobilinin yolda sükanı kilidlənib, ağır qəza baş verib.
Mənbə: demokrat.az