“SpaceX” və “Nvidia” kosmosda süni intellekt mərkəzi qurur

“SpaceX” və “Nvidia” kosmosda süni intellekt mərkəzi qurur

“SpaceX” və “Nvidia” Yer orbitində fəaliyyət göstərəcək süni intellekt məlumat mərkəzinin yaradılması üçün əməkdaşlığa başlayıb.

Layihə çərçivəsində alçaq Yer orbitində süni intellekt hesablamalarını birbaşa kosmosda həyata keçirəcək “Starmind AI1” peyki hazırlanır.
Yeni peyklərdə “Nvidia”nın “Vera” prosessorları və “Rubin” qrafik çiplərindən istifadə olunacaq. Şirkətin məlumatına görə, bu platforma əvvəlki nəsil H100 çipləri ilə müqayisədə süni intellekt emalında 25 dəfəyədək yüksək performansı təmin edir.
“SpaceX” uzunmüddətli perspektivdə bir milyon peykdən ibarət şəbəkə qurmağı planlaşdırır. Bu sistem kosmosda paylanmış süni intellekt superkompüteri kimi fəaliyyət göstərəcək.
Şirkətin bildirdiyinə görə, peyklər günəş enerjisindən fasiləsiz istifadə edə bildiyi üçün Yer üzündəki elektrik şəbəkəsindən asılı olmayacaq. Bundan əlavə, sistem elə hazırlanıb ki, gələcəkdə peyklərdəki prosessorlar bütün platformanı yenidən layihələndirmədən daha yeni çiplərlə əvəz oluna bilsin.
Layihənin ilk prototip sınaqlarının 2027-ci ilin əvvəlində başlaması, inkişaf prosesinin plana uyğun getməsi halında isə həmin il seriya istehsalına keçilməsi nəzərdə tutulur. Bununla belə, layihə ilə bağlı bütün tənzimləyici prosedurlar hələ tamamlanmayıb.
Vüsalə Hüseynova

Mənbə: www.bakupost.az