Almaniyada 1100 illik ağac tapıldı - “Fantastik abidə” adlandırılır

Almaniyada 1100 illik ağac tapıldı -

Almaniyanın Allqoy dağlarında yaşı təxminən 1100 il olan qaraçöhrə ağacı (tis) aşkarlanıb.

Bu barədə "Euronews" məlumat yayıb.

Ağac dəniz səviyyəsindən 1100 metr yüksəklikdə yerləşir, gövdəsinin çevrəsi isə 5,1 metrdir. Alimlər onu Almaniyanın ən qədim canlı orqanizmi hesab edirlər. Ağac bu göstərici ilə Uptesteddəki cökəni təxminən 100 il geridə qoyub.

Tədqiqatçılar hesab edirlər ki, ağacın toxumunu əraziyə quş gətirib. Onların fikrincə, qaraçöhrənin kök sistemi gövdəsindən daha qədim ola bilər.

Qeyd edək ki, qaraçöhrə ağacından Neolit dövründən silah hazırlanmasında istifadə olunub. Məşhur Ötzi mumiyasının yayı (Ötzinin Yayı - Alp dağlarında Buz Adamla birlikdə tapılan, təxminən 5300 illik unikal silah) da məhz bu ağacdan hazırlanıb.

Drezden Universitetinin professoru ağacın gövdəsini “fantastik abidə” adlandırıb. Alimlər bu ağac üzərində aparılacaq araşdırmaların uzunömürlülüyün sirlərini öyrənməyə kömək edəcəyini düşünürlər.

Qaraçöhrə ağaclarının Yer üzündə təxminən 150 milyon il əvvəl meydana gəldiyi güman edilir.

Müəllif: Adəm

Mənbə: publika.az