Məşhur klinika xəstələrə dərmanları dronla çatdıracaq

Məşhur klinika xəstələrə dərmanları dronla çatdıracaq

ABŞ-nin Klivlend şəhərində fəaliyyət göstərən məşhur tibb müəssisəsi xəstələrə reseptlə verilən bəzi dərmanların evə avtonom dronlar vasitəsilə çatdırılmasına başlayıb.

Klivlend Klinikası bu məqsədlə dünyanın ən böyük avtonom çatdırılma şirkətlərindən biri olan “Zipline”la əməkdaşlıq edir.

Layihənin ABŞ-də səhiyyə müəssisəsi tərəfindən həyata keçirilən ilk uzunmüddətli dron çatdırılma proqramı olduğu bildirilir.

Sistem ilk olaraq Klivlendin Biçvud bölgəsində sınaqdan keçirilib və hazırda klinikadan təxminən 8 kilometr məsafədə yerləşən əraziyə xidmət göstərir.

Sifariş hazırlanarkən aptek əməkdaşı dərmanı xüsusi təhlükəsiz qutuya yerləşdirir. Daha sonra elektrikli dron sifarişi müstəqil şəkildə götürərək xəstənin ünvanına yollanır.

Təhlükəsizlik məqsədilə dronlar bağlara və ya binalara enmir. Ünvanın üzərinə çatdıqdan sonra təxminən 90 metr yüksəklikdə havada sabit qalır və dərmanın yerləşdirildiyi kapsulu kabel vasitəsilə yerə endirir.

Çatdırılma tamamlandıqdan sonra kapsul yenidən drona çəkilir və aparat doldurma stansiyasına qayıdır. Xəstələr çatdırılma prosesini “MyChart” portalı vasitəsilə real vaxt rejimində izləyə bilirlər.

Könüllü olan və xəstələrdən əlavə ödəniş tələb etməyən xidmətin gələcəkdə genişləndirilməsi planlaşdırılır.

Növbəti mərhələlərdə dronlarla yalnız dərmanların deyil, laboratoriya nümunələrinin, xüsusi pəhriz yeməklərinin və tibbi ləvazimatların da daşınması nəzərdə tutulur.

Hazırda isə təhlükəsizlik protokollarına görə nəzarət edilən dərmanlar bu xidmətə daxil edilmir.

Mənbə: qafqazinfo.az