ABŞ-də aparılan genişmiqyaslı araşdırma stüardessalar və pilotların digər peşə qrupları ilə müqayisədə radiasiya ilə əlaqəli xərçəngdən ölmə riskinin daha yüksək ola biləcəyini ortaya qoyub.
“Qafqazinfo” xəbər verir ki, araşdırmada ABŞ-də 12 milyondan çox insanın məlumatları təhlil edilib.
Tədqiqatçılar, əsasən, leykemiya, limfoma, çoxsaylı miyeloma, həmçinin dəri, süd vəzi, qalxanabənzər vəz, prostat və mərkəzi sinir sistemi xərçəngləri daxil olmaqla, radiasiya ilə əlaqələndirilən xərçənglərdən ölüm göstəricilərini araşdırıblar.
500-dən çox peşə qrupunun müqayisə edildiyi araşdırmada radiasiya ilə əlaqəli xərçəngdən ölüm göstəricisinin ən yüksək olduğu peşə stüardessalıq olub. Onları pilotlar izləyib.
Nəticələrə görə, stüardessaların digər peşə sahibləri ilə müqayisədə radiasiya ilə əlaqəli xərçəngdən ölmə ehtimalı təxminən 50 faiz, pilotların isə 36 faiz daha yüksək olub.
Tədqiqatçılar hər iki peşə qrupunda radiasiya ilə əlaqəli müxtəlif xərçəng növlərindən ölüm göstəricilərinin nəzərəçarpacaq dərəcədə yüksək olduğunu bildiriblər.
Araşdırmanın nəticələri JAMA elmi jurnalında dərc olunub.
Mənbə: qafqazinfo.az