Təyyarə bələdçiləri və pilotlarla bağlı narahatedici ARAŞDIRMA

Təyyarə bələdçiləri və pilotlarla bağlı narahatedici ARAŞDIRMA

Çoxsaylı peşə nümayəndələri arasında ionlaşdırıcı şüalanmanın təsiri ilə əlaqəli xərçəngdən ən yüksək ölüm riski təyyarə bələdçilərində müşahidə olunur. Siyahıda ikinci yerdə pilotlar qərarlaşıblar. Harvard Tibb Məktəbinin alimləri bu qənaətə gəliblər.

Tədqiqatın nəticələri "JAMA Internal Medicine" jurnalında dərc edilib.

Tədqiqatçılar 2020-2024-cü illərdə vəfat etmiş şəxslərin ölüm şəhadətnamələrindəki məlumatları öyrənərək, 503 peşə qrupu üzrə müxtəlif növ xərçəngdən ölüm göstəricilərini müqayisə ediblər.

Məlum olub ki, təyyarə bələdçilərində radiasiya ilə əlaqəli xərçəngdən ölüm halları digər peşələr üzrə orta göstəricidən təxminən 50% yüksəkdir. Pilotlarda isə bu göstərici 36% çox olub. Bununla belə, tədqiqatçıların radiasiya ilə əlaqələndirmədiyi xərçəng növlərindən ölüm səviyyəsinə görə təyyarə heyəti digər peşə qruplarından fərqlənməyib. Müəlliflərin fikrincə, bu fakt aşkar edilmiş riskin bilavasitə iş şəraiti ilə bağlı olduğunu göstərə bilər.

Alimlər kosmik şüalanmanı əsas amil hesab edirlər. Uçuş yüksəkliyində atmosfer kosmosdan gələn yüksəkenerjili hissəciklərdən daha az müdafiə təmin edir.

Tədqiqatçıların hesablamalarına görə, pilotlar və təyyarə bələdçiləri ildə təxminən üç-altı millizivert belə şüalanmaya məruz qalırlar. Müqayisə üçün qeyd edək ki, ildə 10 dəfə gediş-dönüş uçuşu həyata keçirən adi sərnişində bu göstərici təxminən 0,4 millizivert təşkil edir.

Risk həmçinin uçuşların müddətindən və coğrafi enlikdən asılıdır: yüksək hündürlüklərdə və qütblərə yaxın ərazilərdə kosmik radiasiyanın təsiri daha çox olur.

Müəlliflər vurğulayırlar ki, tədqiqat məhz radiasiyanın konkret heyət üzvlərində xərçəngə səbəb olduğunu tam sübut etmir. Gecə növbələri, sirkad ritmlərinin pozulması və ultrabənövşəyi şüaların təsiri də sağlamlığa təsir göstərə bilər.

Alimlər hesab edirlər ki, əldə edilən məlumatlar pilotlar və təyyarə bələdçiləri üzərində daha diqqətli tibbi nəzarətin aparılmasına və radiasiyanın peşəkar təsirinin əlavə olaraq öyrənilməsinə ehtiyac olduğunu göstərir.

Mənbə: oxu.az