Alimlər ilk dəfə olaraq Yerdəki ən qədim həyat izlərindən bəzilərinin yaşını birbaşa müəyyən ediblər: Hindistandan olan mikrob icmalarının qalıqlarının təxminən 3,5 milyard yaşı olduğu üzə çıxıb. Əvvəllər bu cür tapıntılar yalnız dolayısı ilə ətrafdakı süxurların yaşına görə tarixləndirilirdi.
Tədqiqat işi “Proceedings of the National Academy of Sciences” (PNAS) jurnalında dərc olunub.
Tapıntı yer qabığının ən qədim bloklarından biri olan Sinqhbhum kratonundakı Bhitardari ərazisində aşkarlanıb. Karbonlu süxurda mikrob matlarının birgə yaşamış birhüceyrəli orqanizmlərdən ibarət daşlaşmış “xalçaların”, bir növ qədim biotəbəqələrin qalıqları qorunub saxlanılıb.
Əsas məqam yaşın məhz süxurun özündə müəyyən edilməsi olub. Bunun üçün alimlər sirkon kristallarında uran və qurğuşun izotoplarının nisbətini ölçərək təxminən 5 milyon il xəta payı ilə 3,497 milyard il göstəricisini əldə ediblər. Sirkon kristalları kənardan gətirilmə deyil, təzə vulkanik mənşəli olduğu üçün onların yaşı mikrobların özlərinin yaşam dövrünü əks etdirir.
Karbonun bioloji mənşəli olmasını onun izotop tərkibi də sübut edir: onda canlı orqanizmlərin maddələr mübadiləsi zamanı mənimsəmədiyi ağır karbon-13 izotopu daha azdır. Əlavə olaraq mikrob matları üçün xarakterik olan süxurun incə təbəqəli quruluşu və süxurun bu cür bioloji “imzaların” məhv olduğu temperaturlardan yuxarı qızmaması barədə məlumatlar da buna dəlalət edir.
Tədqiqat işinə Hindistan Geologiya Xidmətindən Trisrota Çaudhuri rəhbərlik edib. Müəlliflərin sözlərinə görə, birbaşa tarixləndirmə həyatın qədimliyi barədə nəticəni daha etibarlı edir və planetdə onun en erkən izlərinin daha dəqiq öyrənilməsinə yol açır. Bu, planetimizin hüdudlarından kənarda həyatın axtarışı üçün də vacibdir: qədim biosimzaların anlaşılması digər planetlərdə də oxşar əlamətləri müəyyən etməyə kömək edir.
Mənbə: publika.az