“MilliÖn” adından istifadə edilməklə həyata keçirilən fişinq kampaniyası aşkarlandı

“MilliÖn” adından istifadə edilməklə həyata keçirilən fişinq kampaniyası aşkarlandı

Açıq mənbələr üzrə aparılmış monitorinq nəticəsində “MilliÖn” ödəniş sisteminin adından və vizual üslubundan istifadə edən saxta kampaniya aşkarlanıb.

Milli Kibertəhlükəsizlik Agentliyinə (MKA) istinadla xəbər verilir ki, kampaniya istifadəçilərə 1 manat müqabilində mobil internet və danışıq paketi vəd edir. Aşkarlanan “million-az.shop” və “millionaz.site” domenlərində yerləşən səhifələr rəsmi ödəniş səhifəsi kimi təqdim olunur. Lakin formanın tələb etdiyi məlumat həcmi 1 manatlıq ödəniş üçün gözləniləndən daha genişdir və kart sahibinin adı, kart nömrəsi, bitiş tarixi, CVV kodu, telefon nömrəsi və IP ünvanını əhatə edir.

“Mənbə kodunun təhlili göstərir ki, daxil edilən məlumatlar ödəniş sisteminə deyil, saytın idarəedici skripti vasitəsilə üçüncü tərəfə ötürülə bilər. Bu, səhifələrin əsas məqsədinin ödəniş qəbul etmək deyil, kart rekvizitlərini toplamaq olduğunu göstərir.

Kampaniyanın yayılması sosial şəbəkələr üzərindən aparılır. “TikTok” və “Instagram” platformalarında qanuni brendi təqlid edən hesablar aşkarlanmış, həmin hesablarda müxtəlif fişinq domenlərinə keçidlər yerləşdirilib. Ayrı-ayrı videoların baxış sayı 231 min və 496 mini keçir.

Oxşar şablonun “AzərPay” adı altında da istifadə edilməsi kampaniyanın bir domen və ya bir hesabla məhdudlaşmadığını göstərir. Bu yanaşma bloklanan resursların qısa müddətdə yeniləri ilə əvəzlənməsi riskini artırır.

Məsələnin əsas riski istifadəçilərin kart məlumatlarının ələ keçirilməsi və sonradan qanunsuz əməliyyatlarda istifadə olunmasıdır. Domenlərin bloklanması, sosial şəbəkə hesablarının bağlanması, bankların məlumatlandırılması və vətəndaşların açıq şəkildə xəbərdar edilməsi paralel aparılmalıdır”, - deyə agentliyin məlumatında bildirilir.

Daha ətraflı məlumatı bu linkdən - "https://www.cert.az/news/2026/mka-million-hesabat" əldə etmək olar.

Mənbə: pravda.az