28 yanvar - Beynəlxalq fərdi məlumatların mühafizəsi günüdür

28 yanvar - Beynəlxalq fərdi məlumatların mühafizəsi günüdür

Bu gün dünyada Beynəlxalq fərdi məlumatların mühafizəsi günü qeyd olunur. İlk dəfə 1981-ci il yanvarın 28-də Avropa Şurası tərəfindən Strasburqda “Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işləməsi ilə əlaqədar şəxslərin qorunması haqqında” Konvensiya qəbul edilib.

Xeberler.az bildirir ki, bu, şəxsin internetdə fərdi məlumatlarının qorunması hüququnu təsdiqləyən ilk rəsmi sənəd idi.

Fərdi məlumatların mühafizəsi gününü qeyd etmək qərarı isə 2006-cı il aprelin 26-da Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən qəbul edilib. Bu tarixin qeyd edilməsində məqsəd geniş əhali kütləsinə şəxsi həyatın və fərdi xarakterli məlumatların mühafizəsinin vacibliyini xatırlatmaqdır.

Azərbaycan isə sözügedən konvensiyaya 2010-cu il sentyabrın 1-dən qoşulub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında yaradılan Elektron Təhlükəsizlik Mərkəzi kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturunun subyektlərinin fəaliyyətini koordinasiya edir.

Azərbaycanda bu sahədə çalışan “CYBERO” şirkəti isə 2018-ci ilin əvvəlindən fəaliyyət göstərir. Şirkət kibertəhlükəsizlik üzrə yerli kadrların yetişdirilməsində aparıcı və məsuliyyətli vəzifəni öz üzərinə götürüb.

“CYBERO” kibertəhlükəsizlik mərkəzi uzunmüddətli ixtisaslaşdırma üzrə korporativ təlimlər keçirməklə yanaşı, xüsusi informasiya təhlükəsizliyi auditləri və kod analizi xidmətlərini həyata keçirir.

Mənbə: xeberler.az