ABŞ-də Cənubi İllinoys Universitetinin (SIU) alimləri plastik və kənd təsərrüfatı tullantılarını qida məhsullarına çevirməyə imkan verən yeni sistem hazırlayıblar.
Amerika Kimya Cəmiyyətinin təşkil etdiyi simpoziumda təqdim olunan araşdırmanın nəticəsi olan “µBites” adlı peçenyelər NASA-nın Dərin Kosmik Qida Çağırışı çərçivəsində aparılan tədqiqatlar əsasında hazırlanıb.
Tədqiqatçılar polietilen tereftalatdan (PET) hazırlanmış plastikləri, eləcə də, qarğıdalı saplaqları və yarpaqları kimi kənd təsərrüfatı tullantılarını yüksək temperatur və təzyiq altında oksigen və suyun köməyi ilə karbon birləşmələrinə parçalayırlar.
Əldə olunan maye xammal daha sonra xüsusi hazırlanmış mayaya çevrilir. Genetik olaraq dəyişdirilmiş müxtəlif maya növləri bu xammalı zülal, yağ, vitamin, dad və ətir kimi qida komponentlərinə çevirir.
Məsələn, mayalardan biri vanil dadı və ətrini təmin edən vanillin, digəri isə bədəndə A vitamininə çevrilən beta-karotin istehsal edir.
Əldə olunan komponentlər qarışdırılaraq xəmir hazırlanıb. Daha sonra xəmir 3D qida printeri vasitəsilə formaya salınıb və mikrodalğalı sobada bişirilib. Nəticədə “µBites” adlı peçenyelər əldə olunub.
İlkin laboratoriya analizlərində məhsullarda zəhərli kimyəvi maddələr, ağır metallar və qida yolu ilə yayılan patogenlər aşkar edilməyib. Bununla belə, məhsulun insanlar tərəfindən dadına baxılmasından əvvəl əlavə həzm və təhlükəsizlik testləri aparılır.
Tədqiqatçılara görə, sistem hazırkı formada tullantılardakı karbonun 50 faizindən çoxunu 1-2 gün ərzində qidaya çevirə bilir.
Bu texnologiyanın gələcəkdə səhralar, qütb bölgələri, sualtı məkanlar və fəlakət zonaları kimi qida təminatının çətin olduğu ərazilərdə istifadəsi nəzərdən keçirilir. Sistem, həmçinin uzunmüddətli Ay və Mars missiyaları üçün alternativ qida istehsalı üsulu kimi qiymətləndirilir.
Mənbə: qafqazinfo.az