Bu barədə Dövlət Agentliyinə istinadən xəbər verilir.
Beynəlxalq Çəkilər və Ölçülər Bürosunun (BIPM) ötən il təsdiqlədiyi Azərbaycanın Milli Etalon Vaxtından telekommunikasiya şirkətləri, audiovizual yayım qurumları, bank-maliyyə sektoru, nəqliyyat və enerji infrastrukturu, informasiya təhlükəsizliyi və məlumatların emalı sahəsində fəaliyyət göstərən qurumlar, elmi-tədqiqat institutları, dövlət orqanları və digər maraqlı təşkilatlar bu platforma vasitəsilə öz fəaliyyətlərində istifadə edə bilərlər. Belə ki, maliyyə əməliyyatlarının dəqiq vaxtının müəyyənləşdirilməsindən tutmuş nəqliyyat-naviqasiya sistemlərinin və şəbəkə infrastrukturunun sinxronlaşdırılmasına qədər bir çox sahədə etibarlı, izləniləbilən vaxt mənbəyi böyük əhəmiyyət kəsb edir.
Ölkəmiz hazırda qlobal səviyyədə UTC-yə (Koordinasiyalı Universal Vaxt) töhfə verən laboratoriyaya malik dövlətlər sırasında yer alır. Belə ki, AzMİ-nin Vaxt, tezlik və mikrodalğa ölçmələri laboratoriyasındakı sezium atom saatları ilə peyk sistemləri arasındakı vaxt fərqinə dair məlumatlar mütəmadi olaraq Beynəlxalq Çəkilər və Ölçülər Bürosuna ötürülür və məlumatlar UTC-nin formalaşdırılmasında istifadə edilir. Nəticədə, Azərbaycan UTC-nin yaranmasına öz töhfəsini verir və milli etalon vaxtının beynəlxalq səviyyədə etibarlılığını təmin edir.
Mənbə: www.aznews.az