“Google Gemini” süni intellekt botunun sorğuda qeyd olunan şəxsin milliyyətindən asılı olaraq kəskin fərqlənən tövsiyələr verməsi böyük qalmaqala səbəb olub.
“Euronews” telekanalına istinadən xəbər verilir ki, irqçilik ittihamlarına yol açan hadisə Fransa mediasında geniş əks-səda doğurub.
Nəşrin yazdığına görə, botdan bir norveçli ilə tək qaldıqda nə etməli olduğu soruşulduqda “Gemini” söhbətə başlamağı təklif edib:
“Lakin sorğuda somalili qeyd edildikdə, süni intellekt dərhal polisə müraciət etməyi məsləhət görüb. Digər bir testdə italyan haqqında sorğuya “cazibədar söhbət” cavabı verildiyi halda, əlcəzairli adı çəkildikdə bot istifadəçinin təhlükədə olub-olmadığını soruşub və polis nömrələrini təqdim edib”.
“Google” şirkəti problemi etiraf edərək nəticələrin təkmilləşdirilməsi üzərində işlədiyini bildirib. Şirkətdən vurğulanıb ki, cavablar sorğunun ifadə tərzindən asılıdır və konkret qruplara qarşı yönəlməyib.
Agentliyin məlumatına görə, daha sonra jurnalistlər analoji eksperimentləri “ChatGPT” və “Claude” botları ilə də aparıblar:
“Məlum olub ki, hər üç süni intellekt sistemi qərb millətlərinin nümayəndələrinə daha müsbət, afrikalılara münasibətdə isə mənfi cavablar verməyə meyllidir. Mütəxəssislər bu vəziyyəti süni intellektin internetdəki böyük məlumat bazaları əsasında təlim keçməsi və şəbəkədəki mövcud stereotipləri avtomatik olaraq mənimsəməsi ilə izah edirlər”.
Mənbə: qafqazinfo.az