Mediada islahatların dərinləşməsi labüddür - ŞƏRH

Mediada islahatların dərinləşməsi labüddür -  ŞƏRH

Son illər Azərbaycanda bir çox sahələri əhatə edən köklü islahatlar həyata keçirilir. Lakin bəzi istiqamətlərdə islahaların dərinləşdirilməsinə, yeniliklərə daha çox ehtiyac duyulur. Belə sahələrdən biri də mediadır. Kütləvi informasiya vasitələrinin dövrün tələbləri ilə ayaqlaşa bilməməsi, müasir trendlərdən geri qalması, habelə müşahidə edilən özbaşınalıq halları bu sahədə islahatları qaçılmaz edir. Artıq kəmiyyət deyil, həm də keyfiyyət dəyişikliklərinə ciddi ehtiyac yaranıb.

Etiraf edək ki, medianın durumu ürəkaçan deyil, illərlə tətbiqinə cəhd edilmiş yeniliklər, müəyyən fəaliyyət prinsipləri özünü doğrultmayıb. 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlar fonunda medianın köhnə ənənələrlə davam etməsi mümkünsüz görünür. Bu mənada ölkəmizdə davam etdirilən islahatlar dalğasının media sahəsini əhatə etməsi qaçılmazdır. Ölkə başçısının medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə KİVDF-nin əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsinin yaradılması ilə bağlı fərmanı islahatlar dalğasının başlanğıcı hesab etmək olar.

Medianın köhnə problemləri

Mediamızın problemlərindən danışarkən uzun illərdir ki, Azərbaycan mətbuatını narahat edən, hələ də həllini tapmayan reklam məsələsini qeyd etməliyik. KİV orqanlarının iqtisadi imkanlarının artırılması məqsədilə şəffaf reklam bazarının qurulması dəfələrlə gündəmə gətirilsə də, təəssüf ki, bu məsələ öz həllini tapmayıb. İlk növbədə media sahəsində aparılacaq islahatların tərkib hissəsi kimi reklam bazarının inkişafına yönəlik ciddi addımlar atmağın zamanı çatıb.

Bu gün nəinki reklam bazarının formalaşdırılması və azad rəqabət mühitinin yaradılması, ümumilikdə medianın fəaliyyətinin şəffaflaşdırılmasına ciddi ehtiyac var. Eləcə də Azərbaycan mediasında hökm sürən bəzi mənfi tendensiyaların yalnız ardıcıl islahatlarla aradan qaldırılması mümkündür.

Son illər söz azadlığından sui-istifadə edən bəzi işbazların jurnalist adı altında peyda olması mediada xaotik vəziyyətin yaranmasına səbəb olub. Peşəkar jurnalistikaya ləkə gətirən rekertçilik fəaliyyəti, bu işlə məşğul olan dırnaqarası media mənsublarının çoxalması dördüncü hakimiyyət hesab olunan KİV-in strateji inkişaf yoluna qədəm qoymasının qarşısını alır. Bu kimi mənfi tendensiyalardan qurtulmaq üçün düşünülmüş islahatların aparılması mütləqdir.

Digər bir məqama diqqət yetirək. Artıq sosial şəbəkələrin verdiyi imkanlardan yararlananaraq məşhurlaşan istənilən şəxs müxtəlif adlı media qurumu və ya qurumları yaratmaqla bu sahəni dezinformasiya, yoxlanılmamış və təsdiqlənməmiş xəbər axınına çevirə bilir. Əksər hallarda insanların ciddiyə aldığı belə saytlarda qeyri-ciddi və yalan xəbərlərin tirajlanmasının şahidi oluruq. Bu da cəmiyyətdə qıcıq yaradacaq şayiələrin kültəvi ictimailəşməsinə gətirib çıxarır. Bütün bunlar milli maraqlarımıza, ölkəmizin informasiya təhlükəsizliyinə mənfi təsir göstərən amillərdir. Təəssüf ki, media sahəsindəki boşluqlar indiyədək belə xoşagəlməz mənzərələrin yaranması və qeyri-peşəkarların meydanda "at oynatması" üçün münbit şərait yaradıb.

Jurnalistikaya uzanan natəmiz əllər

Xaotik duruma dair yalnız sosial şəbəkələrlə bağlı deyil, digər narahatlıq doğuran məqamları da nümunə gətirmək olar. Bura milli informasiya məkanımızın gündəminin cəmiyyətdə sanki gərginlik yaratmaqda maraqlı olan müəyyən qruplar tərəfindən təyin edilməsi cəhdlərini aid etmək olar. Bu isə milli maraqlarımızla daban-dabana ziddiyyət təşkil edir. Sözsüz ki, media qurumlarının əksərinin müasir, qabaqcıl fəaliyyət prinsiplərinə söykənən, güclü şəkildə formalaşmaması öz sözünü deyir. Bundan başqa, bəzi hallarda media qurumları siyasiləşmiş formada fəaliyyət göstərirlər ki, bu da müstəqil KİV üçün arzuolunmaz haldır. Təbii ki, peşəkarlıq prinsipindən yanaşan, qanun-qaydaları gözləyən, sözünə, xəbərinə hörmət etməyi bacaran media qurumlarımız da var. Lakin onların sayı barmaqla sayılacaq qədərdir.

Dünyanın müasirləşən, inkişaf edən mətbuat nümunələri hər şeyi bir rəngdə görən "yalan maşınları"nın sıradan çıxarılmasını vacibliyini ortaya qoyur. Bunun üçün ciddi addımların atılması, natəmiz əməllərin medianın üzərindən çəkilməsi əsas şərtlərdəndir.

Yuxarıda qeyd etdiyimiz kimi, bir müddət əvvəl KİVDF-nin ləğv edilməsi və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yaradılması media sahəsində islahatların ilk addımı oldu. MEDİA adı altında fəaliyyət göstərən qurum innovativ əsaslarda və yeni keyfiyyətdə informasiya mühitinin formalaşması işində xüsusi missiya yerinə yetirəcək. Hazırda medianın fəaliyyətini tənzimləyən yeni qanun üzərində işlər aparılır ki, bu da pozitiv nəticələrin olmasından xəbər verir.

Yeni islahatlar nələr vəd edir

İslahatlar dalğasında həllini gözlədiyimiz problemlərdən biri sayı -hesabı bilinməyən jurnalist kimliyi ilə bağlıdır. Pandemiya dövründə aşkara çıxdı ki, heç kimin tanımadığı və ciddiyə almadığı naməlum “sayt rəhbərləri” müəyyən maraqlar naminə kimə gəldi vəsiqə paylayaraq dələduzluqla məğlub olublar. Peşəkar jurnalistikaya ləkə gətirən bu cür cinayət əməlllərinin qarşısını almaq üçün vahid vəsiqə sisteminin tətbiq edilməsi təklifini nəzərdən keçirmək olar. Ölkəmizdə gündəmə gətirilən bu məsələ əslində dünya praktikasında yeni deyil. Bu təcrübə qardaş Türkiyədə effektiv nəticələr verib. Hazırkı xaotik vəziyyətdə, kimin harada, necə gəldi çap edib üstündə gəzdirdiyi vəsiqələrin qarşısında belə vahid, hamı tərəfindən qəbul edilən jurnalist kimliyinin olmas mediamız üçün müəyyən üstünlüklər yarada bilər.

Məlumat üçün bildirək ki, Türkiyədə “basın kartı” adlanan vəsiqə xəbər axtarışına çıxan media işçilərinə bir sıra imtiyazlar verir. Bunlar dövlət tərəfindən tanınmış jurnalist olmaq, ictimai nəqliyyatdan ödənişsiz istifadə etmək, muzeylərə, qalereyalara və mədəni-ictimai tədbirlərin həyata keçirildiyi obyektlərə müvafiq qaydada ödənişsiz daxil olmaq, əhəmiyyətli tədbirlərə dair kütləvi informasiyanın axtarılması, əldə olunması, ötürülməsi, istehsalı və yayımı məqsədilə həmin hadisələrin baş verdiyi məkanlara daxil olmaq, dövlət orqanlarının rəsmi məlumatlarını birbaşa əldə edə bilmək, beynəlxalq xəbərləri daha rahat almaq imkanı qazanmaq, rəsmi tədbirlərin həyata keçirilməsi zamanı peşə fəaliyyəti ilə əlaqədar üstünlüklərdən yararlanmaqdır.

İndiki reallıqda mütləq deyil ki, Türkiyə təcrübəsindən yararlanmaqla məhz sadalanan imtiyazların hamısı bizim ölkədə də tətbiq edilsin. Lakin müəyyən güzəştli şəraitin yaradılması istisna deyil. Ölkəmizdə əgər vahid vəsiqə sisteminə keçid reallaşsa, habelə jurnalistlərə müxtəlif güzəştlərdən istifadə imkanı yaradılsa, bu, ümumi işin xeyrinə olar. Sual yarana bilər ki, media azad sahə olduğu üçün jurnalistlərin vahid vəsiqələrlə təmin edilməsi müəyyən problemlər yaratmaz ki? Əlbəttə, bu məsələdə, yəni media reyestrinin tərtibində və vahid jurnalist kartlarının verilməsində məcburiyyət olmayacaq. Heç bir jurnalistə və media qurumuna deyilməyəcək ki, məcburi qaydada vahid vəsiqəyə keçsin. Bütün bunlar könüllülük prinsipi əsasında təşkil edilir. Sözügedən məsələ mediada müəyyən həmrəyliyin yaradılmasına, ayrı-ayrı fərqli media qurumlarının bir araya gəlməsinə öz töhfəsini verə bilər. Yeni təklif həm də yaranmış çətinlikləri birgə aşmağa, problemləri birlikdə müzakirə və həll etməyə dəvət olunma anlamında qiymətləndirilməlidir.

Bundan əlavə, vahid jurnalist vəsiqəsi əldə etmiş qələm sahiblərinin peşəkarlığını artırmaq üçün müxtəlif inkişaf layihələrinə cəlb edilməsi mümkündür. Bu istiqamətdə şübhəsiz ki, dövlət öz dəstəyini əsirgəməyəcək. O cümlədən, jurnalistlərin sosial müdafiəsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi olduqca əhəmiyyətli addımdır ki, bu da gələcəkdə öz müsbət nəticələrini göstərəcək.

Ümumilikdə media sahəsində start verilən islahatlardan gözləntilərimiz çoxdur. İnanırıq ki, sadalanan problemlər tezliklə həllini tapacaq və Həsən bəy Zərdabi yolunu davam etdirən Azərbaycan mediasını daha güclü, rəngarəng və dünyanın öncülləri sırasında görəcəyik.

Tural Tağıyev

Mənbə: azvision.az