“Sky”: Britaniyada “Microsoft” servislərində problemlər parlamentin və təcili xidmətlərin işinə təsir edib

“Sky”: Britaniyada “Microsoft” servislərində problemlər parlamentin və təcili xidmətlərin işinə təsir edib

Bakı, 13 noyabr, AZƏRTAC

“Microsoft” korporasiyasının servislərində yaranan problemlər Böyük Britaniyada parlamentə, məhkəmələrə, təcili yardım xidmətlərinə və xəstəxanalara təsir göstərib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Britaniya Parlamentinin İcmalar Palatasının (aşağı palata) üzvlərinə “Outlook”a giriş qadağan edilib və bu da onların elektron poçtları oxumasına və ya cavab verməsinə mane olub. Bundan əlavə, “999” təcili yardım xəttinin əməkdaşları xəstə məlumatlarını həmişəki kimi ötürə bilmir. Milli Səhiyyə Xidməti də elektron məsləhət xidmətlərinə girişdə problemlər olduğunu bildirib.

Dəmir yolu sərnişinlərinə də onlayn bilet xidmətlərinin bloklanması ehtimalı barədə xəbərdarlıq edilib.

Daha əvvəl məşhur internet resurslarının fəaliyyətini izləyən “Downdetector” xidməti 74 ölkə və ərazidən “Microsoft” ilə bağlı şikayət dalğası barədə məlumat vermişdi.

“Microsoft”un vitse-prezidenti Çarlz Lamanna geniş yayılmış fasilələrin hakerlərin və ya hər hansı digər xarici müdaxilənin nəticəsi olmadığını bildirib. Bu fonda Microsoft səhmləri “Nasdaq” birjasında bazar öncəsi ticarətdə 3 faiz ucuzlaşıb. Cümə günü günortadan sonra şirkət trafikin tədricən bərpa olunduğunu bildirib.

Mənbə: azertag.az