“Şərqin Eynşteyni”, “lazerin atası”... – Tanımadığımız azərbaycanlı alim

“Şərqin Eynşteyni”, “lazerin atası”... – Tanımadığımız azərbaycanlı alim

 

Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs elm dünyasının ən məşhur simalarından biridir.

Əli Cavan – Azərbaycan əsilli amerikalı fizik və ixtiraçı. 1959-cu ildə Bell Laboratoriyasında qaz lazerinin konsepsiyasını təklif edən ilk elm adamı olub. Dövrünün qabaqcıl alimləri ilə birlikdə işləyən Əli Cavan ilk prototipi 1960-cı ildə təqdim edib. Kvant fizikasında da elmə böyük töhfələr verib.

Təhsili və ilk addımları

Əli Cavan 1926-cı il dekabrın 26-da Tehranda azərbaycanlı ailəsində anadan olub, onun valideynləri Güney Azərbaycanın Təbriz şəhərindən idilər. Orta təhsilini Tehranda alan Əli Cavan 1948-ci ildə köçdüyü ABŞ-da Kolumbiya Universitetinin kurslarında iştirak edib. Eyni zamanda, 1954-cü ildə Kolumbiya Universitetinin Fizika-riyaziyyat fakültəsini bitirən Əli Cavan burada doktorluq dərəcəsini alıb. 1960-cı ildən 1964-cü ilə qədər professor adını aldığı Massaçusetts Texnologiya İnstitutunda işləyib.

1955-ci ildə Radiasiya Laboratoriyasının doktoru olan Cavan Çarlz Taunsla atom saatı tədqiqatları üzərində çalışıb, mis və tallium kimi atomların hiper incə quruluşunu öyrənmək üçün mikrodalğalı atom şüaları spektrometrini istifadə edib.

Əli Cavan və komandasının digər üzvləri 1966-cı ildə ABŞ Prezidenti Lindon Conson tərəfindən elmə verdikləri töhfələrə görə pul mükafatına layiq görülüb.

Elmi kəşfləri

Elm adamının tədqiqatları kvant elektronikası və tətbiqləri, lazer spektroskopiyası ilə əlaqədardır. Qeyri-xətti spektroskopiyanın əsasını qoyub. 1960-cı ildə qaz lazerini təklif edib, Uilyam Bennett və D.Erriotla birlikdə təsdiqləyib.

Əli Cavan 1963-cü ildə Çarlz Taunsla helium-neon lazerindən istifadə edərək Marli-Maykelson təcrübəsini təkrarlayıb. 1966-cı ildə tək modlu keçid effekti nəzəriyyəsini irəli sürüb, 1969-cu ildə təsdiqləyib. Qaz lazeri telekommunikasiya sənayesinin fiber optik texnologiyasından istifadə etməsini mümkün edən ilk işıq lazeri idi.

Əli Cavanın ixtirası telekommunikasiya sahəsində texnologiyaların inkişafında yeni bir mərhələ idi, holoqrafiyanı praktik hala gətirdi. O, eyni zamanda işıq sürətinin dəqiq ölçülməsi və misilsiz dəqiqliklə lazer spektroskopiyası proseslərinin öyrənilməsi sahəsində tədqiqatların müəllifidir. 1970-ci ildə işıq düşməsinin mütləq tezliyini ölçmək üçün bir metod və qeyri-xətti flüoresans üsulu hazırlayıb. Spektral xəttin toqquşma daralmasını aşkar edib.

“Şərqin Eynşteyni”

Əli Cavan “Şərqin Eynşteyni” və “lazerin atası” adlandırılırdı. Alimin ixtiraları və kəşfləri tibbi və informasiya-kompüter texnologiyalarında geniş istifadə olunur.

ABŞ Milli Elmlər Akademiyasının, Amerika İncəsənət və Elmlər Akademiyasın üzvü və Elmin İnkişafına dair Triest Fondunun fəxri üzvü olub. Massaçusetts Texnologiya İnstitutunun professoru idi. Elmi dünyadakı ən yüksək mükafatlardan biri olan “Albert Eynşteyn” mükafatı və Amerika Optik Cəmiyyətinin “Frederik Ayvs” medalına layiq görülüb.

4 000 respondentin iştirak etdiyi elektron poçt anketinə əsasən, “The Daily Telegraph” qəzetinin “100 Yaşayan Dahi Siyahısı”nda on ikinci sırada yer almışdı.

Əli Cavan 2016-cı il sentyabrın 12-də Los-Ancelesdə vəfat edib. Marjori adlı amerikalı qadınla evil olan elm adamının Lila və Maya adlı qızları var.

 

Mənbə: teleqraf.com