İsrail Asiya ölkəsinə “Hermes 900” PUA-ları ixrac etmək üçün yeni müqavilə imzalayıb

İsrail Asiya ölkəsinə “Hermes 900” PUA-ları ixrac etmək üçün yeni müqavilə imzalayıb

İsrailin “Elbit Systems” şirkəti Asiyada yerləşən, ancaq adı çəkilməyən ölkəyə “Hermes 900” PUA-ları ixrac etmək üçün müqavilə imzalayıb. Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, müqavilənin ümumi dəyəri 300 milyon dollardır. Müqavilə beş il müddətində həyata keçiriləcək.

Müqaviləyə əsasən, şirkət “Hermes 900” PUA-ları və əlaqəli alt sistemlərin tədarükü ilə yanaşı, texniki və dəstək xidmətləri göstərəcək.

“Hermes 900” 36 saat ərzində 9100 metr yüksəklikdə uçuş həyata keçirə bilir. Bu PUA əsasən kəşfiyyat və nəzarət məqsədilə istifadə olunur. 1100 kq ağırlığı olan bu PUA-lar 350 kq faydalı yük götürmə qabiliyyətinə malikdir.

8.3 metr uzunluğa sahib PUA-nın qanad açılımı isə 15 metrə bərabərdir. Aparatı bir ədəd “Rotax 91” markalı mühərrik hərəkətə gətirərək maksimum 220 km/saat sürətlə hərəkət etməsinə imkan verir. Kreyser sürəti 112 km/saatdır.

“Hermes 900” PUA-larının faydalı yükünə elektro-optik (infraqırmızı) sensorlar, SAR radarı, radioelektron kəşfiyyat, həmçinin radioelektron mübarizə və hiperspektral sensorlar daxildir.
 

 

Mənbə: ordu.az