Avstraliya sakini “Apple” şirkətini məhkəməyə verir

Avstraliya sakini “Apple” şirkətini məhkəməyə verir

“Seven News” nəşri yazır ki, Avstraliyanın Melburn şəhərinin sakini Robert De Rouz ABŞ-ın “Apple” şirkətini məhkəməyə verir.
Alim Robert De Rouz informasiya texnologiyaları üzrə Birləşmiş Ştatların və dünyanın ən nəhəng şirkətlərindən olan “Apple” kompaniyasına qarşı iddia qaldırmaq üçün hüquqşünaslara müraciət edib.

Mənbə qeyd edir ki, iddia qaldırılmasına De Rouzun şalvarının cibində yanan “iPhone Xs” modeli səbəb olub. Melbrun sakini bildirib ki, o, bud nahiyəsində ağrı hiss etdikdən sonra gurultulu səs və xışıltı eşidib. O, jurnalistlərə açıqlamasında deyib: “Mən dərhal atıldım və telefonumun cibimdə alışaraq yandığını başa düşdüm”.

De Rouz deyib ki, o, dərhal qurğunu cibinən çıxararaq onu yerə atmağa çalışıb. Lakin hadisədən sonra onda ikinci dərəcəli yanıq xəsarətləri qeydə alınıb, eləcə də geyimi zədələnib.
“Hər yer kül idi, ayağımın dərisi soyulmuşdu”, – deyə zərərçəkmiş vurğulayıb.

Məlumat üçün deyək ki, qurğu 2019-cu ildə yanıb. Hadisədən sonra De Rouz “Apple” şirkətinə müraciət ünvanlasa da, şirkət bu müraciətə, etinasız yanaşıb və hətta baş verən hadisəni müzakirə etməkdən imtina edib.

De Rouz deyib ki, onun iddiası ilə “Carbone Lawyers” hüquq şirkəti məşğul olacaq. O bildirib ki, “Apple” tərəfindən reaksiyanın verilməməsindən hiddətlənib, hadisəni ictimailəşdirməkdə məqsədi kompensasiya almaq və ABŞ brendinin milyonlarla smartfon sahibini mümkün təhlükə barədə xəbərdar etmək niyyətindədir.

“Carbone Lawyers” hüquq şirkətinin nümayəndəsi isə jurnalistlərə bildirib ki, məhkəmə tərəfindən De Rouzun işindən başqa ABŞ korporasiyasının texnikasından istifadə edən digər istifadəçinin iddiasına baxılacaq. Bir müddət əvvəl “Carbone Lawyers” şirkətinə “Apple Watch” saatının yanaraq ziyan vurduğu Melburn sakini müraciət edib.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

Mənbə: xalqqazeti.com