Rusiya deputatları “Facebooku”-u ittiham edir – Cərimə hədəsi

Rusiya deputatları “Facebooku”-u ittiham edir – Cərimə hədəsi

Rusiya parlamentinin aparıcı deputatı “Facebook” sosial şəbəkəsini ölkənin xəbər agentliklərinin məqalələrini blokladığına görə tənqid edib. Həmin məqalələrdə polisin ötən ay ukraynalı millətçiləri həbs etdiyi iddia olunurdu, amma ekspertlər onların rusiyalı radikallar olması qənaətinə gəlib.

Dövlət Dumasının spikeri Vyaçeslav Volodin martın 8-də deyib ki, "Facebook" rəqəmsal qanunsuzluğa bərabər addım ataraq Rusiya vətəndaşlarının hüquqlarını pozub.

"Facebook" fevralda RBK və “Kommersant”-ın məqalələrini bloklayıb. Həmin məqalələrdə deyilirdi ki, Rusiyanın hüquq mühafizə orqanları cənub-qərbi Voronej şəhərində Ukraynanın MKU millətçi gənclər təşkilatının üzvlərini həbs ediblər.

Polisin həmin şəxslərin mənzillərindən ekstremist ədəbiyyat, millətçi təşkilatların simvollarını, bıçaqlar, köhnə hərbi minaya bənzəyən əşya müsadirə etdiyi bildirilirdi.

Xəbər agentlikləri Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FSB) istinadla saxlananların Ukrayna ekstremist təşkilatına bağlılığı haqda yazırdı.

Rusiya İstintaq Komitəsinin həmin vaxt yaydığı məlumatda saxlananların 18, 19 və 33 yaşlarında olduqları, Voronejdə irqi ədavəti qızışdırmağa görə saxlandıqları deyilirdi. Voronej Ukrayna ilə sərhəd yaxınlığında yerləşir. Saxlananların Ukrayna millətçi qrupunun üzvü olduqları deyilmirdi.

Rusiya özünün Ukraynadakı qızışdırıcı fəaliyyətinə don geyindirmək üçün bu ölkənin millətçi qruplarının hərəkətlərindən istifadə etməyə çalışır. Moskva yeddi il öncə Krımı ilhaq edib, Ukraynanın şərqindəki separatçıları dəstəkləyir. 2014-cü ilin aprelindən bu münaqişədə 13 min 200-dən çox ölən olub.

Ukraynanın “StopFake” agentliyi “Facebook”-la birlikdə işləyərək bu platformada Rusiyanın dezinformasiyasını aşkarlayaraq bloklayır. Agentlik Voronejdə saxlanan 3 nəfərin Rusiyanın millətçi təşkilatına aid olması qənaətinə gəlib.

Rusiyanın “Roskomnadzor” mediaya nəzarət qurumu da “Facebook”-u senzurada ittiham edib, ABŞ-ın bu sosial media şirkətini minimum 1 milyon rubl (13 min 440 dollar) cərimə ilə hədələyib. Qurum həmçinin şirkətdən TASS, RBK və Vzqlyad-ın kontentinə çıxışı bərpa etməyi tələb edib. “Instagram və Twitter də əvvəllər bu cür hərəkət ediblər. Məncə, bu qəbuledilməzdir. Bu, bizim milli qanunvericiliyi pozur. Biz Rusiya mediasına qarşı belə hərəkətin qarşısını almaq üçün qanunverici həll yolu təklif edəcəyik”, – Volodin deyib. 

Mənbə: azpolitika.info