Dilimizin internet bazası bərbad gündədir - istənilən mətni internet-poliqlotun tərcüməsinə verin və baxın...

Dilimizin internet bazası bərbad gündədir - istənilən mətni internet-poliqlotun tərcüməsinə verin və baxın...

“Bu proqramın olmamasının nəticəsidir ki, dilimizin başqa dillərlə rəqabət prosesinə qoşulması ləngiyir, dilimizin imkanları üzə çıxa bilmir”

Son zamanlar Azərbaycan dilinin işləkliyinin təmin olunması ən vacib məsələlərdən biri kimi gündəmdədir. Dilimizin işləkliyi müəyyən sferalarda təmin edilsə də, elektron qaydada təmin edilməsi sahəsində ciddi problem mövcuddur. İnternet resurslarında Azərbaycan dilinin işləkliyi, demək olar ki, çox zəifdir. Biz bunu daha çox tərcümə proqramlarının yarıtmaz vəziyyətdə olmasında müşahidə edirik. İstənilən dildən Azərbaycan dilinə hansısa bir mətni tərcümə etmək mümkünsüzdür. Eləcə də Azərbaycan dilindən mətnləri xarici dillərə çevirməkdə ciddi qüsurlar mövcuddur.

Bu da ondan irəli gəlir ki, Azərbaycan dili internet resurslarında oturmayıb. Bu sistemin yoxluğu, yaxud zəifliyi bir sıra ciddi çətinliklərin meydana gəlməsinə səbəb olur. Dilimizin internet, daha dəqiq desək, elektron bazasının formalaşdırılmaması nəticəsində biz onun imkanlarını tam olaraq göstərə bilmirik.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın bəndlərindən biri Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun inkişafı­, qorunması, elektron məkanda daha geniş istifadəsi və ölkədə dilçiliyin in­ki­şaf etdirilməsi mexanizminin yaradılması ilə bağlıdır. Lakin indiyə qədər bu məsələ öz həllini tapmayıb. Nə əlaqədar rəsmi qurumlar, nə də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu tərəfindən bu istiqamətdə addımlar atılıb.

Dilimizin başqa dillərlə rəqabətə davam gətirməsi üçün Azərbaycan dilinin elektron bazasının formalaşdırılması zəruridir. Qeyd etdiyimiz kimi, buna qanunvericilik səviyyəsində şərait yaradılsa da, konkret olaraq mexanizm olsa da, işin icrası ləngiyir. Bunun müqabilində də biz çox şey itiririk. İngilis dilində olan bir mətni rusdillilər asanlıqla rus dilinə çevirib ondan istifadə edirlər, biz isə bunu edə bilmirik.

  • “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu prosesin həyata keçirilməsi işinə başlamalıdır”

Azərbaycan Dövlət Pedoqoji Universitetinin kafedra müdiri, tanınmış dilçi-alim, professor Buludxan Xəlilov “Bakı-Xəbər”ə sözügedən sahədə problemin mövcudluğunu, onun aradan qaldırılmadığını təəssüflə qarşıladığını bildirdi. “Bu sahədə təəssüf ki, ciddi problem mövcuddur. Bu da onunla bağlıdır ki, Azərbaycan dili proqramı tam olaraq sistemdə oturdulmalıdır. Azərbaycan dili proqramı internet resurslarına oturmalıdır. Beynəlxalq dillərə nəzər salsaq görərik ki, bir dilə aid material o biri dilə asanlıqla tərcümə edilir. Bu da ondan irəli gəlir ki, həmin dillər internet resurslarında proqramlaşdırılıb. Ancaq Azərbaycan dili proqramlaşdırılmayıb. Ona görə də Azərbaycan dilində olan mətnlərin başqa dillərə çevrilməsində, eləcə də başqa dillərdəki mətnlərin Azərbaycan dilinə tərcümə edilməsində ciddi problemlər yaranır. Azərbaycan dilinin işləkliyinin təmin edilməsi ilə bağlı proqram yoxdur. Bu proqramı yaratmaq lazımdır. Fikrimcə, bu istiqamətdə xüsusi bir proqram, layihə hazırlanmalıdır ki, internet resurslarında Azərbaycan dili otura bilsin. Bu sahədə dünya təcrübəsi var. Uzun illərdir biz bu cür söhbətləri eşidirik, hətta bununla bağlı iradlar da bildirilir. Bəzən çoxları Azərbaycan dilinin işləkliyinin təmin edilməsi ilə bağlı internet resurslarının olmamasına görə dilçiləri ittiham edirlər. Bir qisim insana elə gəlir ki, bu işi Dilçilik İnstitutu, yaxud dilçilər həyata keçirməlidirlər. Əslində isə belə deyil. Azərbaycan dili proqramının yaradılması, internetdə yerləşdirilməsi, Azərbaycan dilindən başqa dillərə, başqa dillərdən də Azərbaycan dilinə tərcümələrin həyata keçirilməsi dilçilərin problemi deyil. Bu, birbaşa aidiyyəti qurumların işidir ki, bunu onlar həyata keçirməlidirlər” - deyə B.Xəlilov qeyd etdi.

B.Xəlilovun sözlərinə görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu işlə məşğul olmalıdır. Onun fikrincə, sözügedən nazirlik dilçilərin də iştirakı təmin olunmaqla xüsusi proqram işləyib hazırlamalıdır. “Bu nazirlik öz mütəxəssislərini bu sahəyə yönəltməlidir və Azərbaycan dili proqramını hazırlayıb internet resurslarında oturtmalıdır. Bu proqramın olmaması bizim bir sıra sahələrdə geridə qalmağımıza səbəb olur. Bu proqramın olmamasının nəticəsidir ki, dilimizin başqa dillərlə rəqabət prosesinə qoşulması ləngiyir, dilimizin imkanları üzə çıxa bilmir. Bu gün dil ancaq yazı-pozu, kitab üzərində qorunmur, təbliğ edilmir, internet resursları üzərində də inkişaf edir. Hazırda internet resursları daha aktivdir. Biz bu prosesə qoşulmadıqca geridə qalırıq. Biz bu sahədə çox geridəyik və bunu qeyd edənlər çoxdur. Hətta mən bir dəfə tələbələrimi internet resurslarında bu sahədə iş görmələri üçün topladım, amma gördüm ki, işi həyata keçirmək tələbə işi deyil. Açığı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu prosesin həyata keçirilməsi işinə başlamalıdır, eyni zamanda da bu işə dilçiləri də cəlb etməlidir ki, dillə bağlı problem çıxanda onların köməyindən istifadə etsin. Ancaq təəssüflər olsun ki, bu sahədə heç bir iş görülmür. Bilirsiniz ki, Prezident tərəfindən imzalanan “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda maddələrdən biri internet resurslarına Azərbaycan dilinin tətbiqi məsələsidir. Dilimizi internet resurslarında tətbiq etməklə Azərbaycan dilinin müasir imkanlarından istifadə etmək əsas işdir. Bu işə nazirlik kompyuter mütəxəssislərini, proqramçıları cəlb etməlidir ki, bu sahədə bir sistem yaradılsın. Bununla bağlı bir komissiya da yaradıla bilər. Bu iş kompleks yanaşma tələb edir”.

B.Xəlilovun bildirdiyinə görə, bu proqram hazırlandıqdan sonra onun təqdimatı olmalıdır. Professor Xəlilovun sözlərinə görə, proqram hazır olduqdan sonra o müxtəlif sahələrə tətbiq edilməklə onun sınağı keçirilməlidir. Eksperiment yolu ilə tətbiq edildikdən sonra bu sistem bir qədər də təkmilləşdirilməlidir. “Bu prorqam müasir tələblərə uyğun şəkildə hazırlanmalıdır. Bu proqramda şrift, qrafika məsələləri də var. Bunu dilçilərdən öyrənə bilərlər. Ümumiyyətlə, bu məsələ ciddi müzakirə edilməlidir. Ancaq təəssüflər olsun ki, bu istiqamətdə bir dəfə də olsun müzakirə olmayıb. Ən azından, bu məsələ Prezident sərəncamında yer alıb. Bu mövzuda ciddi müzakirələr açılmalı, fikir mübadiləsi aparılmalıdır” - deyə alim bildirdi.

İradə SARIYEVA

Mənbə: www.baki-xeber.com