Şantaj xarakterli proqramlar daha təhlükəlidirlər

F-Secure şirkətinin kompüter təhlükəsizliyi sahəsində fəaliyyət göstərən mütəxəssisləri istifadəçiləri şantaj etmək xarakterini daşıyan ikinci nəsil zərərli proqram təminatlarının məşhurlaşmasından xəbər veriblər. Buna misal olaraq Ransomware 2.0 adlı kateqoriyaya daxil olan zərərli proqram təminatlarını gətirmək olar. O, istifadəçi məlumatlarının şifrələnməsi üçün daha qəliz alqoritmlərdən istifadə edir. Əgər 2019-cu ilin əvvəlində şantaj xarakterli zərərli proqram təminatlarının yalnız 1 kateqoriyası bilinirdisə, indi onların sayı 15-ə çatıb.

Ransomware 2.0 üsulunu seçmiş hacker qurbanın kompüterindən daha çox maraqlı məlumatın əldə edilməsini nəzərində tutur. Daha sonra isə hacker həmin məlumatlar ilə qurbanı şantaj edir. Belə ki, bu cür kiberhücumdan zərərçəkmiş şəxs hackerin tələb etdiyi müəyyən pul vəsaitini ödəməkdən imtina edərsə, hacker konfidensial məlumatları internetə yerləşdirəcəyi barəsində həmin şəxsi şantaj edir. Hackerlər şantajdan ona görə istifadə edirlər ki, istifadəçilərin çoxu öz fayllarının ehtiyat kopyalarını yaradırlar.

Beləliklə onlar kiberhücum nəticəsində fayllarının şifrələnməsindən qorxmayaraq hackerlərə pul vəsaitlərinin köçürülməsindən imtina edirlər. Hüquq-mühafizə orqanlarının təmsilçiləri dəfələrlə qeyd edirlər ki, əgər şirkətlər Ransomware 2.0 kateqoriyasına aid olan virusla qarşılaşıblarsa, onlar pul vəsaitinin ödənilməsindən qəti şəkildə imtina etməlidirlər. Belə ki, pul vəsaitinin ödənilməsi oğrulanmış faylların geri qaytarılmasına və kompüterin yenidən bu cür virusla yoluxmayacağına zəmanət vermir.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Alimdən xəbərdarlıq: “Koronavirusdan sağalan uşaqların orqanlarında çatışmazlıq başlayır” - VİDEO

SONRAKI XƏBƏR

Politoloq: “Rusiyanın Şuşaya atılan raketlə bağlı izahatı gülməlidir” - VİDEO